NEWS
1928 Archive

2020.05.16

Zoologiya İnstitutu kollektivinə ağır itki üz verib

Bu gün AMEA Zoologiya İnstitutu kollektivinə ağır itki üz verib.  İnstitutun Quru Onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Babayev İlyas Rəzzaq oğlu  dünyasını dəyişib.

İlyas Babayev 25 avqust 1949-cu ildə Lerik rayonunun Nuravud kəndində anadan olub. 1957–1967–ci illərdə Lerik rayon orta məktəbində təhsil alıb. 1972–ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsinə daxil olub.  1974-1975–ci dərs ilində Lerik rayonunun Züvüç kənd orta məktəbində, 1975-1976–cı dərs ilindən 1979–cu ilədək isə Lerik rayonunun Nuravud kənd orta məktəbində kimya və biologiya müəllimi kimi fəaliyyət göstərib. 1978–ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1978–1981-ci illərdə Azərbaycan SSR EA Zoologiya İnstitutunda Ornitologiya ixtisası üzrə aspirantura təhsilini davam etdirib. 1990–cı ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün Moskva şəhərində Ümumittifaq Təbiəti Mühafizə və Qoruqların İşi elmi tədqiqat İnstitutunda “Azərbaycanın Cənub-Şərqində nadir, nəsli kəsilməkdə olan quş növləri və onların qorunması (Azərbaycanın Qırmızı kitabına dair materiallar)” mövzusunda dissertasiya işini müdafiə edib. 

Alim “Azərbaycanın su və sahil quşlarının müasir ekoloji vəziyyəti” mövzusunda doktorluq dissertasiyası üzərində işləyirdi.

İ.R.Babayev 100-dən çox elmi əsərin, o cümlədən, 3 kitabın, 2 monoqrafiyanın, 1 elmi–metodiki tövsiyənin, Azərbaycan Respublikası Milli Atlasının müəlliflərindən və Azərbaycanın “Qırmızı Kitab”ının tərtibçilərindəndir. Onun rəhbərliyi altında bir neçə qrand layihəsi, 10-dan çox elmi-tədqiqat işi uğurla yerinə yetirilmişdir. Alim 25–dən çox beynəlxalq layihələrin yerinə yetirilməsində ekspert–ornitoloq kimi iştirak edib. Onun çoxillik səmərəli elmi fəaliyyəti nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Fəxri Fərmanlarla və ATMC tərəfindən Təbiətin Mühafizəsində aktivliyinə görə “Xatirə” medalı ilə təltif edilib.

Şərəfli ömür yaşamış görkəmli zooloq alim İlyas Babayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!