NEWS
2133 Archive

2020.01.15

Tanınmış alim Qara Fətəliyevin 80 illik yubileyi qeyd olunub

15 yanvar 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun  Parazitologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Qara Fətəliyevin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun direktor vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov alimi  80 illik yubileyi münasibəti ilə təbrik edib,  ona can sağlığı, çətin və şərəfli ömür yolunda uğurlar arzulayıb və Zoologiya İnstitutunun Fəxri Fərmanını  təqdim edib.

Sonra söz Parazitologiya laboratoriyasının əməkdaşlarına verilib. Onlar alimin mənalı həyat yolundan, zəngin elmi yaradıcılığından bəhs ediblər. Belə ki, Qara Hüseyn oğlu Fətəliyev 15 yanvar 1940-cı ildə Azərbaycan Respublikası Cəbrayıl rayonunun Sarıcallı kəndində anadan olub. O, 1958-ci ildə Cəbrayıl rayonu Soltanlı kənd orta məktəbini, 1963-cü ildə Bakı Kənd Təsərrüfatı texnikumunun Aqronomiya şöbəsini, 1971-ci ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakultəsini bitirib. 1963-1966-cı illərdə EA (indiki AMEA) Botanika İnstitutunun Nəbatət bağında, 1966-1969-cu illərdə Azərbaycan EA Kibernetika İnstitutunda çalışıb. 1969-cu ildən etibarən isə AMEA  Zoologiya İnstitutunda fəaliyyət göstərir. Qara Fətəliyev AMEA Zoologiya İnstitutunda fəaliyyətinin ilk illərində Biometod laboratoriyasında baş laborant, 1971-ci ildə Ekoloji parazitologiya laboratoriyasında baş laborant , 1972-ci ildə kiçik elmi işçi, 1983-cü ildən böyük elmi işçi, 2008-ci ildən Helmintologiya laboratoriyasının müdiri, hal-hazırda isə  Parazitologiya laboratoriyasının müdiri vəzifəsində çalışır. O, “Azərbaycanın Kiçik Qafqaz və Mil-Qarabağ düzündə təsərrüfat əhəmiyyətli xəzdərili heyvan helmintlərinin yayılmasının ekoloji-faunistik xarakteristikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi,  “Azərbaycanda vəhşi məməlilərin (Dovşankimilər, Gəmricilər, Yırtıcılar, Cütdırnaqlılar) helmint faunasının bioekoloji xüsusiyyətləri və formalaşması yolları” mövzusunda isə doktorluq dissertasiyası müdafiə edərək elmlər doktoru elmi dərəcəsi alıb.  Q.Fətəliyev sürünənlərin, əhli və vəhşi məməli heyvanların helmint faunası, biologiyası və ekologiyası sahəsində tanınmış mütəxəsisdir.  O, 80-dən çox elmi əsərin və  1 dərs vəsaitinin həmmüəllif və müəllifidir. Alim həmçinin AMEA-nın  Fəxri Fərmanına da layiq görülüb.

Tanınmış alim, biologiya elmləri doktoru Qara Fətəliyevin 80 yaşının tamam olması münasibətilə ona can sağlığı, işlərində müvəffəqiyyət və yaradıcılıq uğurları arzulayırıq!