NEWS
2044 Archive

2019.12.26

“Əbədiyyət Üfüqündə Doğan Günəş” adlı ədəbi-bədii tədbir keçirilib

25 dekabr 2019-cu il tarixində Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanın dahi mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Əbədiyyət Üfüqündə Doğan Günəş” adlı ədəbi-bədii tədbiri baş tutub.

Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı” və 2019-cu il “Nəsimi ili” çərçivəsində keçirilən tədbirdə respublika ictimaiyyəti nümayəndələri, ziyalılar, dövlət və hökümət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Səbail rayonunun ictimai-siyasi, elm-təhsil, sosial-iqtisadi, incəsənət və mədəniyyət sahələrini təmsil edən idarə və təşkilatların nümayəndləri, Yeni Azərbaycan Partiyasının fəalları, çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan əsilli, məşhur musiqiçi Sami Yusufun Nəsiminin “Sığmazam”qəzəli əsasında hazırladığı musiqi kompozisiyasının nümayişi ilə başlayıb. Tədbiri giriş sözləri ilə “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin Səbail rayon təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Mahmudova və Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair-publisist Sayman Aruz açaraq Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığından bəhs edib və “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Tədbirin rəsmi hissəsində Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, AMEA-nın Humanitar Elmlər bölməsinin akademik katibi, AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, filologiya elmlər doktoru professor Qəzənfər Paşayev, Yunis Əmrə İnstitutunun Bakı filialının direktoru Cihan Özdəmir, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Məsələləri üzrə katibi İlqar Fəhmi və Əməkdar İncəsənət Xadimi, Respublikanın xalq artisti Əbdül Mahmudov çıxış edərək dahi şair İmadəddin Nəsiminin  yaradıcılığı, ideologiyası və xalqımıza verdiyi böyük töhfələrindən bəhs ediblər. Ş.Hacıyev xüsusi vurğulayıb ki, 2017-ci ilin mayında Parisdə UNESCO-nun qərargahında şairin vəfatının 600 illiyinin, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda və Şamaxı şəhərlərində, habelə Moskvada Nəsimi, şeir, incəsənət, mənəviyyat Festivalının keçirilməsi şairin yaradıcılığına göstərilən ehtiramın nəticəsidir.

Tədbirin bədii hissəsi isə respublikamızın Xalq və Əməkdar artistləri, görkəmli İncəsənət xadimləri, qiraət ustalarının çıxışları ilə davam edib.

Tədbirin sonunda iştirakçılara fəxri fərmanlar təqdim olunub.