NEWS
457 Archive

2019.12.01

Görkəmli zooloq alim dünyasını dəyişib

AMEA Zoologiya İnstitutunun Quru Onurğasızları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru  Xalid Əli Ağa oğlu Əliyev ömrünün 71-ci ilində vəfat edib.

Xalid Əli Ağa oğlu Əliyev 07 fevral 1949-ci ildə Bakı şəhəri Əmircan qəsəbəsində anadan olub.1973-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini bitirib. 1975-ci ildən AMEA Zoologiya İnstitutunda fəaliyyət göstərən alim, 1977-ci ildə “Entomologiya” ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspirantı olmuş, 1986-ci ildə “Azərbaycanın Kiçik Qafqaz biogeosenozlarının arıkimiləri” mövzusunda namizədlik dissertasiyasını (Bakı), 2013-cü ildə isə “Azərbaycanın arıkimiləri” mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə edib. 1980-1986-cı illərdə Zoologiya İnstitutunun “Entomologiya” laboratoriyasında laborant, kiçik elmi işçi, elmi işçi, 1987-1993-cü illərdə institutun elmi katibi, 1993-cü ildən isə laboratoriya müdiri vəzifəsində işləyib.

X.Ə.Əliyev institutda işlədiyi dövrdə AMEA-nın və keçmiş SSRİ EA proqramlarına daxil olan bir neçə elmi tədqiqat mövzularının yerinə yetirilməsində yaxından iştirak edib. Onun tərəfindən Azərbaycan faunası üçün 642 növ arıkimi müəyyən edilib ki, onlardan 154 növ Qafqaz, 88 növ Cənubi Qafqaz, 64 növ isə Azərbaycan faunası üçün yenidir. O həmçinin, əvvəllər naməlum olan, arıkimilərin yuva paraziti 2 növ mutillid arı (Mutillidae fəsiləsi) - Dentilla cretica növünün dişisi və Dasylabris shelkovnikovi növünün erkəyini təsvir edib. Alim tərəfindən ilk dəfə 642 növ arıkiminin uçuş fenologiyası müəyyən edilib, növlərin qida əlaqələri öyrənilib,  Azərbaycanın arıkimilər faunasının formalaşma tarixi araşdırılmış və onların faunistik kompleksləri müəyyən edilib. X.Ə.Əliyev Dağıstan,Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Almaniya və digər ölkələrdə  beynəlxalq ekspedisiyalarda və elmi seminarlarda iştirak edib. 100-dən çox elmi əsərin müəllifi olan zooloq alim həmçinin, AMEA Rəyasət Heyətinin fəxri fərmanı ilə də təltif edilib.

Böyük alim, əsl ziyalı və dəyərli insan Xalid Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!