NEWS
2242 Archive

2019.10.24

Zoologiya İnstitutunda keçirilən beynəlxalq elmi-praktiki seminar davam edir

AMEA Zoologiya İnstitutunun Rusiyanın Çelyabinsk Dövlət Universiteti və Rusiya Elmlər Akademiyası Bitki və Heyvanların Ekologiyası İnstitutunun  əməkdaşlarının  iştirakı ilə  “Heyvanların tarixi və populyasiya ekologiyasının tədqiqinin müasir metodları” mövzusunda  təşkil etdiyi  elmi-praktiki seminar öz işinə davam edir. Seminarın birinci günündə rusiyalı qonaqlar Zoologiya İnstitutunun əməkdaşları ilə bərabər Qobustan Milli Tarixi-Bədii Qoruğunu ərazi ilə yaxından tanış olub, iki ölkə arasında aparıla biləcək multidissiplinar tədqiqatlar haqqında ətraflı müzakirələr aparıblar.

Seminarın ikincu günü  24 oktyabr 2019–cu il tarixdə AMEA Zoologiya İnstitutunda baş tutub. Seminarı giriş sözü ilə açan institut direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov  iştirakçıları salamladıqdan sonra sözü rusiyalı alimlərə verib.   Rusiya Elmlər Akademiyası Bitki və Heyvanların Ekologiyası İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ranyuk Маryana Nikolayevna “ Ural və Sibirdəki vəhşi ətyeyən və dırnaqlı məməlilərin ekoloji tədqiqatları ” ,  Rusiyanın Çelyabinsk Dövlət Universitetinin baş müəllimi Anna Leonidovna Plaksina “Uralarxası çöl ərazisini öyrənmək nümunəsi olaraq coğrafi informasiya sistemlərindən istifadə etməklə fəza modellərinin və məlumat bazasının yaradılması” mövzularında mühazirə ilə çıxış ediblər.

Seminarda həmçinin Zoologiya İnstitutunun baş elmi işçisi,  biologiya üzrə elmlər doktoru  Şaiq İbrahimovun “Xəzər dənizinin zooqrafik analizində parazitoloji məlumatlardan istifadə təcrübəsi”, elmi işçi Elşad Əsgərovun “Azərbaycanda Qafqaz bəbirinin say dinamikası (Panthera pardus L., 1758)” , kiçik elmi işçisi Gülnarə Hüseynovanın “Muğan çölünün buğda parazit nematodları (Azərbaycan)”, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrfiya üzrə elmlər doktoru Tağıyeva Yelena Nikolayevnanın “Azərbaycan Holoseninin paleolandşaftları” mövzularında çıxışları da dinlənilib.

Məruzələr ilə əlaqədar  suallar cavablandırılıb, çıxışlar edilib.

Rusiyalı qonaqlar həmçinin, Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi və Binəqədi Dövlət Qoruğunda ekskursiyada da olublar.