NEWS
200 Archive

2019.10.18

Zoologiya İnstitutunun direktoru Elman Yusifovun 60 yaşı tamam olur

Yusifov Elman Fərhad oğlu 20 oktyabr 1959-cu ildə anadan olub. 1977-ci ildə Bakı şəhəri 1№-li fizika-riyaziyyat təmayüllü orta məktəbi, 1982-ci ildə isə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini bitirdikdən sonra AMEA Botanika İnstitutunun “Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları” şöbəsində baş laborant vəzifəsində çalışıb. 1990-cı ildə SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun əyani aspiranturasını bitirib və “Micrococcus lysodeikticus bakteriyasından ayrılmış katalaza fetmentinin 3A dəqiqlikdə rentgen-struktur analizi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmlər namizədi elmi dərəcəsinə layiq görülüb (Moskva şəhəri). 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı alıb. E.Yusifov 2000-2002-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşəçilik Elmi Tədqiqat İnstitutunda direktor müavini, 2005-2016-cı illərdə AMEA Zoologiya İnstitutunda  İnformasiya və innovasiya şöbəsinin müdiri, 2016-cı ildən isə institutun direktoru vəzifəsində çalışır. 2005-2016-cı illərdə MTN-in Heydər Əliyev adına Akademiyasında 0,5 dosent,  mülki-müəllim kimi dərs aparıb.

Bir çox yerli və xarici jurnalların redaksiya heyətinin üzvüdür. Azərbaycanın “Qırmızı Kitabı”nın (fauna)  ikinci  nəşri üçün materialların hazırlanmasında yaxından iştirak edib. E.Yusifov 60-dan çox elmi-kütləvi məqalənin, 5 monoqrafiya, 4 kitab, 1 ekoxəritə, 3 kitabça və 3  plakatın həmmüəllifidir. Elman müəllimin müəllifi olduğu “Abşeron yarımadasının təbiət abidələri” kitabı biomüxtəlifliyin mühafizəsi, ekoloji maarifləndirmə və ekoloji turizm baxımından çox əhəmiyyətli bir əsərdir. Belə ki, kitabda Abşeron yarımadasının landşaftı, floristik, geoloji-paleontoloji təbiət abidələri, onların ərazi üzrə paylanması, nadir və nəsli kəsilməkdə olan canlıları haqqında sistemli şəkildə məlumatlar verilib.

Eyni zamanda Azərbaycan florasına xas olan yüzdən çox bitki növünün təsviri verilmiş, bir çox nadir təbiət abidələrinin orijinal fotoşəkilləri ilk dəfə olaraq təqdim edilib, ekoloji xəritələr çəkilib.

Elman müəllimin həmmüəllif olduğu “Ekoloi menecment” dərs vəsaiti ali məktəb tələbələri ilə yanaşı, həmçinin, ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər və geniş oxucu kütləsi üçün çox əhəmiyyətli məlumat mənbəyidir. İki hissədən ibarət olan bu dərsliyin birinci cildində ekoloji təfəkkürün tarixi, biosenozlar, ekosistemlər, maddələrin dövranı, ekoloji amillər haqqında ətraflı məlumatlar verilir. İkinci cilddə isə canlı aləm, qlobal ekoloji problemlər, ətraf mühit və insan sağlamlığı, cəmiyyət-təbiət münasibətləri və s. haqqında məlumatlardan bəhs olunur.

 İşlədiyi müddətdə BP şirkətinin IV Respublika Bioloji Müxtəliflik müsabiqəsinin birinci mükafatını, V Respublika Bioloji Müxtəliflik müsabiqəsinin II mükafatını, VI Respublika Bioloji Müxtəliflik müsabiqəsinin birinci mükafatını alıb. Elman Yusifov, 2018-ci ildə "Parlamentinsesi.az internet saytı" tərəfindən ictimaiyyət arasında keçirilmiş rəy sorğusu nəticəsinə əsasən "Şərəfli Ömür" fəxri diplomuna, 2019-cu ildə isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən  ekologiya və biolojimüxtəlifliyin qorunması sahəsində səmərəli fəaliyyətinə görə “Fəxri fərman”a layiq görülüb. Elman müəllimi anadan olmasının 60 illik yubileyi münasibəti ilə təbrik edir, cansağlığı, çətin və şərəfli yolda uğurlar arzulayırıq.