NEWS
2117 Archive

2019.10.14

Zoologiya İnstitutunun Elmi Şurasında laboratoriyaların illik hesabatları dinlənilib

14 oktyabr 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasında "Protozoologiya" , "Parazitologiya" və "Quru onurğasızları" laboratoriyalarının illik hesabatları dinlənilib.

İlk öncə "Protozoologiya" laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru İlham Ələkbərov çıxış edərək, laboratoriyanın elmi–tədqiqat işləri haqqında ətraflı məlumat verib. Belə ki, o, il ərzində görülən işlərin illik hesabatı haqqında məlumat verərkən laboratoriya əməkdaşları tərəfindən 3 mövzu üzrə 5 iş icra olunduğunu, həmçinin alimlər tərəfindən 8 məqalə, 1 dərs vəsaiti, 3 tezisin çap olunmasını, 7 məqalə və 3 tezisin isə çapa verildiyini qeyd edib.

Daha sonra "Parazitologiya" laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Qara Fətəliyev laboratoriyada 2019-cu ildə 2 mövzu üzrə 6 iş yerinə yetirildiyini, bu il ərzində əməkdaşlar tərəfindən 19 məqalənın çapdan çıxdığını, 17 məqalənin isə çapa təqdim edildiyini qeyd edib. O, həmçinin elmi kadrların hazırlanması, əməkdaşların elmi konfranslarda iştirakı və s. mövzular haqqında da ətraflı məlumat verib.

Sonda "Quru onurğasızları" laboratoriyasının hesabatı dinlənilib. Cari ildə laboratoriya əməkdaşları tərəfindən 25 elmi əsərin nəşr edildiyi qeyd edilib. Onlardan 16-sının xarici mətbuatda çap olunduğu, 4 elmi əsərin isə çapa təqdim olunduğu da vurğulanıb. Həmçinin, əməkdaşlar tərəfindən 1 mövzuya daxil olan 8 işin yerinə yetirilirdiyi və digər elmi–tədqiqat işləri haqqında da ətraflı məlumat verilib.