XƏBƏRLƏR
3361 Arxiv

2017.10.09

AMEA Yüksək Texnologiyalar Parkında dronların idarəedilməsinə dair təlimlərə başlanılıb

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Elm və Texnologiya Parkı (ETP) dünya standartlarına cavab verən yeni nəsil pilotsuz uçan aparatların  istehsalı işini təkmilləşdirib. İlk modellər və uçuş aparatları artıq hazırdır. Qeyd edək ki, dronların istehsalı ilə məşğul olan şirkətin 5 növdə uçuş aparatı mövcuddur.

Multirotor tipli pilotsuz uçan aparatların idarəedilməsi və müxtəlif tapşırıqların, funksiyaların yerinə yetirilməsi məqsədilə AMEA Yüksək Texnologiyalar Parkında təlim dərslərinə başlanılıb.

Texnoparkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev bildirib ki, ETP-nin istehsal etdiyi dronların sənayedə, xidmət sahələrində tətbiqi üçün şəraitin yaradılması, fəaliyyətin təşkili və inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərə ilk növbədə AMEA institutlarının əməkdaşları qatılıblar. ETP-nin istehsal etdiyi dronlar akademiyanın institutları tərəfindən elmi-tədqiqat işlərinin aparılması məqsədilə istifadə ediləcək. Təlimlərdən sonra iştirakçılar pilotsuz uçan aparatların sərbəst idarəedilməsi qabiliyyətini mənimsəyəcəklər.

Elm və Texnologiya Parkının mütəxəssisləri tərəfindən keçirilən təlim zamanı iştirakçılara dronlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, dronlar yüksəklikdən video-foto çəkilişlərin edilməsi (aerofoto), kənd təsərrüfatında ərazinin spektral analizinin aparılması, ərazinin dərmanlanması, xəritəçəkmə (3D xəritələrin yaradılması), yükdaşıma (analiz üçün elmi tədqiqat avadanlıqları), müşahidə  (heyvanların uzaqdan müşahidə edilməsi) və bir çox məqsədlərlə istifadə oluna bilər. AMEA Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya, Neft ve Qaz, Zoologiya, Geologiya ve Geofizika və Botanika institutları əməkdaşlarının iştirak etdiyi təlimlər davam edəcək. Gələcəkdə uçuş aparatlarının təkmilləşdirilərək çoxfunksiyalı dronların istehsalı nəzərdə tutulub.

2016-cı ildən fəaliyyətə başlayan AMEA Elm və Texnologiya Parkı elektronika, avtomatika, proqram təminatı, müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsalı ilə məşğul olur. Fəaliyyətində yüksək texnologiyaların ən son elementləri olan qurumun əsas məqsədi innovativ məhsulların, yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi  istiqamətində tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılmasıdır. 

http://science.gov.az/news/open/6514