XƏBƏRLƏR
3930 Arxiv

2017.09.26

AMEA-nın müxbir üzvü Zeynal Əkpərovu 65 illik yubileyi münasibətilə təbrik edirik!

Sentyabr ayının 27-də bitki genetik ehtiyatları sahəsində tanınmış alim, Əməkdar elm xadimi, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal İba oğlu Əkpərovun 65 yaşı tamam olur.

Zeynal Əkpərov 1952-ci ildə Cəlilabad rayonunun Privolnı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti), 1981-ci ildə isə ET Əkinçilik İnstitutunun əyani aspiranturasını bitirib.

O, 1987-ci ildə Moldova Respublikasının Elmlər Akademiyasının Fiziologiya və Biokimya İnstitutunda fiziologiya ixtisası üzrə “Soyadan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən fotosintez fəaliyyəti” mövzusunda namizədlik (elmi rəhbər: akademik Cəlal Əliyev), 2010-cu ildə isə ET Əkinçilik İnstitutunda “Azərbaycanın bitki genetik ehtiyatlarının öyrənilməsi və seleksiyada istifadəsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib (elmi məsləhətçi: akademik Cəlal Əliyev).

1987-ci ildə ET Əkinçilik İnstitutunda kiçik elmi işçi, daha sonra böyük elmi işçi, 1990-cı ildən laboratoriya müdiri, 1993-2000-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.

2000-2002-ci illərdə Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində, Dünya Bankının Kənd Təsərrüfatının Kreditləşməsi və İnkişafı layihəsində, Müsabiqəli Qrantlar Proqramında Kənd Təsərrüfatı Tədqiqatları Şurasının icraçı katibliyində müşavir vəzifəsində işləyib.

2003-cü ildən AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktorudur.

Alimin apardığı tədqiqatlar nəticəsində mədəni bitkilərin yabanı əcdadlarına aid bəzi nadir və itmək təhlükəsində olan növlərin arealları dəqiqləşdirilib, itmə təhlükələri müəyyənləşdirilib. Bundan əlavə, bitki genetik ehtiyatlarının yeni təsnifatı işlənib hazırlanıb, mühafizə strategiyaları üzrə yeni metodologiyalar təklif edilib.

Z.Əkpərov tərəfindən sort xüsusiyyətləri və mineral qidalanmadan asılı olaraq, soya bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən fotosintez xüsusiyyətləri müəyyən edilib. Onunapardığı tədqiqatlarla suvarma şəraitində soyadan yüksək məhsul alınmasını təmin edən intensiv becərmə texnologiyası işlənib hazırlanıb. Payızlıq və ikili xarakterli taxıl bitkiləri sortlarının optimal vaxtda əkin aparmaq üçün yarovizasiya müddətləri müəyyənləşdirilib.

O, müxtəlif bitkilərə aid respublikanın aqro-iqlim zonalarında becərilmək üçün rayonlaşdırılmış 8 sortun yaradılmasında bilavasitə iştirak edib, həmçinin 15-ə qədər perspektiv sort və formanın həmmüəllifidir.

Alimin təşəbbüsü ilə regionda ilk dəfə olaraq, Genetik Ehtiyatlar İnstitutunda Yeni Nəsil Sekvenserləri ilə təchiz olunmuş Genomiks (Genomika) laboratoriyası yaradılıb. Burada genom səviyyəsində ilkin təcrübələr buğda, arpa və onların yabanı əcdadları üzərində həyata keçirilib və Azərbaycanda ilk dəfə olaraq, Milli Genbankda saxlanılan 700-ə yaxın buğda və arpa nümunəsinin sekvens əsasında genotipləşdirilməsi (GBS) uğurla tamamlanıb. AMEA Genetik Ehtiyatlar İnstitutunun koordinatorluğu və Azərbaycan, Avstraliya, Rusiya, Amerika Birləşmiş Ştatları və Misir alimlərinin birgə iştirakı ilə dünyada ilk dəfə olaraq, “Azərbaycan gülöyşəsi” nar sortunun genomunun de-nov ο oxunması və 6 orqanı üzrə transkripsiya profilinin yaradılması həyata keçirilib.

Z.Əkpərov Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Kənd Təsərrüfatı Bitki və Heyvanlarının Genetika və Seleksiyası Problemləri üzrə Elmi Şurasının sədri, Biologiyanın Problemləri üzrə Elmi Şurasının üzvüdür.

O, yüksək beynəlxalq reytinqə malik “Genetic Resources Crop Evaluation”, “AMEA-nın Xəbərləri (Biologiya elmləri seriyası)” və “Azərbaycan Aqrar Elmi” jurnallarının redaksiya heyətinin üzvü, Genetik Ehtiyatlar İnstitutunun “Elmi Əsərlər” jurnalının isə baş redaktorudur.

2013-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış Mədəni Bitkilərin Genetik Ehtiyatlarının Mühafizəsi və Səmərəli İstifadəsi üzrə İdarəetmə Sisteminə daxil olan Elmi-Texniki Şuranın sədridir. Kənd Təsərrüfatı Nazirliyinin Toxumlara və əkin materiallarına subsidiya verilməsi üzrə Ekspert Şurasının üzvüdür.

Z.Əkpərovun elmi rəhbərliyi ilə 1 elmlər doktoru, 5 fəlsəfə doktoru hazırlanıb. O, dünyanın 50-yə yaxın ölkəsində keçirilən konfranslarda məruzələrlə çıxış edib. Onun apardığı elmi tədqiqatların nəticələri 175 elmi əsərdə (85-i xaricdə), o cümlədən 5 kitab, 3 monoqrafiya, 2 kitabça, 2 tövsiyə və 8 patentdə əksini tapıb.

Alimin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və o,  2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Görkəmli alimi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və Azərbaycan genetika elminin tərəqqisi yolunda yaradıcılıq uğurları arzu edirik.

http://science.az/news/open/6414