XƏBƏRLƏR
1100 Arxiv

2017.09.19

Tətbiqi Zoologiya Mərkəzində Respublikada ilk dəfə olaraq laboratoriya şəraitində tibb zəlisinin çoxaldılması texnologiyası hazırlanır

Zəlilər  onurğasız heyvan qrupundan olub Həlqəvi qurdlar (Annelida) tipinin ayrıca bir sinfini – Zəlilər (Hirudinea) sinfini təşkil edirlər.Böyük əksəriyyəti ektoparazitdir. Onurğalı heyvanların bütün nümayəndələrindən (balıqlar, sürünənlər, suda-quruda yaşayanlar, quşlar və məməlilər) qan sormaqla qidalanırlar.

Dünya miqyasında 500 növü (bəzi mənbələrdə 400 növ), Respublikamızın su tutarlarında isə 15 növü məlumdur. Hirudo cinsinə mənsub olan növlər tibbdə geniş istifadə olunur. Tökmə bədənə malik olan tibb zəlisi cənub mənşəlidir. Ona Qafqaz, Orta Asiya, İran, Türkiyə, Əfqanistan, Ukrayna, Moldovanın su tutarlarında rast gəlinir. Əsasən 2,5 sm böyüklüyündə olurlar. Ən kiçiyi 1 sm, ən böyüyü isə 30 sm  uzunluğundadır.

Ölkəmizdə təbii şəraitdə tibb zəlisinin inkişafı üçün əlverişli şərait mövcuddur. Belə ki, zəliyə Azərbaycanın bir sıra su tutarlarında – o cümlədən Dəvəçi limanı, Kiçik Qızılağac körfəzi, Lənkəran təbii vilayətinin su hövzələri, Kürətrafı göllər, Naxçıvan MR-nin və  Gəncə-Qazax zonasının su tutarlarında və s. rast gəlinir.

Tibb zəlisinin rəngi çox dəyişkəndir. Bel tərəfinin əsas rəngi qəhvəyi və zeytun rənginin müxtəlif çalarlarından (kürən, zeytuni qara, zeytuni yaşıl və s.) ibarətdir.

Təbii şəraitdə bu zəlilər həyatlarının üçüncü ilində cinsiyyət yetkinliyinə çatırlar. Hermofroditdirlər. Mayalanma qarşılıqlıdır. Çoxalma zamanı zəlilər qrup halında suyun qaynağına doğru üzürlər. Labarotoriya şəraitində qışda +18 və +22o C, yayda +24 və + 27o C teperaturda saxlanılan və xüsusi qayğı ilə bəslənilən zəlilər ilin müxtəlif vaxtlarında nəsil vermək qabiliyyətinə malik olub, hər 6-8 aydan bir barama verə bilərlər. Zəlilər hər dəfə 3-dən 8-ə qədər, əksər hallarda 4-5 ədəd barama verir.  Hər baramada 15 – 20 (əksər hallarda 8 – 15) embrion (rüşeym) olur.

AMEA Zoologiya İnstitutunda 2016-cı ildən etibarən laboratoriya şəraitində tibb zəlisinin süni yolla çoxaldılması ilə əlaqəli tədqiqat aparılır. Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları İsmayıl Mikayılzadə, Ləman Dadaşova və Şəbnəm Fərzəli tərəfindən Respublikada ilk dəfə olaraq laboratoriya şəraitində bu zəlilərin çoxaldılması texnologiyası hazırlanır.