XƏBƏRLƏR
3350 Arxiv

2017.07.18

AMEA-da tələbələr üçün bioloji müxtəlifliyin mühafizəsinə dair tədbir keçirilib

AMEA-nın Mərkəzi Nəbatat Bağı və Zoologiya İnstitutunda “Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinin tələbələri üçün bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsinin təbliğinə həsr olunan tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il qrant müsabiqəsində qalib olmuş “Ekoloji, bioloji və ərzaq təhlükəsizliyinin əsası olan bioloji müxtəliflik üzrə ictimai məlumatlandırma sisteminə giriş” layihəsi çərçivəsində baş tutub.

Tədbiri Mərkəzi Nəbatat Bağının (MNB) direktoru, b.ü.f.d. dosent Vahid Fərzəliyev açaraq iştirakçılara rəhbərlik etdiyi qurumun yaranma tarixi, elmi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, bağın əməkdaşları ölkədə bitki ehtiyatlarının xammal bazasını və yaşıllaşdırma çeşidlərini zənginləşdirmək məqsədilə geniş elmi-tədqiqat işləri aparırlar. V.Fərzəliyev MNB-da Azərbaycan florasından və dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından 2500 növ ağac, kol və ot bitkisinin mühafizə olunduğunu diqqətə çatdırıb.

Tədbir çərçivəsində İctimai Birliyin ekspertləri və MNB-nin alim və mütəxəssisləri tərəfindən “Biomüxtəlifliyin dəyərləri”, “Dendroxronologiya elmi və təbii fəlakətlərin bitkilərə təsirinin öyrənilməsi”, “Coğrafi İnformasiya Sistemləri və onun biomüxtəlifliyin qorunmasında tətbiqi” və digər mövzularda məruzələr təqdim olunub.

Tələbələr daha sonra bağın ərazisini ziyarət edib, burada aparılan elmi-tədqiqat işləri, onların praktiki əhəmiyyəti ilə yaxından tanış olublar.

Tədbir daha sonra Zoologiya İnstitutunda davam etdirilib. Zoologiya muzeyi ilə tanış olan gənclərə Azərbaycanın heyvanlar aləmi, ümumən heyvan biomüxtəlifliyinin əhəmiyyəti haqqında geniş məlumatlar verilib.

Sonda iştirakçılara seminar-məşğələni əhatə edən çap materialları, disklər və bukletlər paylanılıb.

http://science.gov.az/news/open/6100