XƏBƏRLƏR
3389 Arxiv

2017.06.16

AMEA Zoologiya İnstitutu tərəfindən "Azərsun Holding"in baytar əməkdaşlarına serpentologiya və serpentoloji xidmətlər üzrə təlimlərə başlanıldı

İlanlarla bağlı xidmət sahəsi serpentoloji xidmət adlanır. Serpentologiya latın sözü olub, “serpento”,  yəni ilan sözündən götürülmüşdür.
Hər il yaz-yay mövsümündə ilanların təbiətdə fəallığının artması, digər tərəfdən insanların təsərrüfat işləri və istirahətləri ilə bağlı ərazilərə səfərlərinin intensivləşməsi ilanlar ilə rastlaşma və ilansancma hallarının artmasına səbəb olur. Ona görə də hər zaman əhalinin təhlükəsizliyini təmin etmək üçün ilanlara nəzarət edilməsinə, insan olan ərazilərin ilanlardan təmizlənməsinə ehtiyac yaranır. Bunu nəzərə alaraq ilanlar ilə bağlı xidmətin göstərilməsi üçün bu sahədə xüsusi bacarığı  və təcrübəsi olan mütəxəssislərin olması çox vacibdir.

Təəssüf ki, Respublikada serpentologiya və serpentoloji xidmətlər üzrə mütəxəssis hazırlayan xüsusi qurum yoxdur. Bunu nəzərə alaraq AMEA Zoologiya İnstitutu tərəfindən fiziki və hüquqi şəxslərə serpentologiya və serpentoloji xidmətlər üzrə təlimlərin keçirilməsinə başlanıldı. Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarət olmaqla dinləyicilərə ilanlar haqqında elm sahəsi olan serpentologiya, habelə ilanlarla bağlı (ilanların ərazidən təmizlənməsi, ilan təhlükəsizliyi üzrə  profilaktik tədbirlərin həyata keçirilməsi və s. ) ayrıca serpentoloji xidmətin göstərilməsi  haqqında təlimlərdən ibarətdir. Təlimi mənimsəyən mütəxəssislər sonda serpentoloji xidmətləri həyata keçirtmək üçün AMEA Zoologiya İnstitutunun sertifikatı ilə təmin edilir.

Qeyd edək ki, hazırda AMEA Zoologiya İnstitutunun əməkdaşı b.ü.f.d. Təvəkkül Muxtar oğlu İsgəndərov tərəfindən “Azərsun Holding”in  baytar əməkdaşlarına bu sahələrdə təlimlərin keçirilməsinə başlanıldı.