XƏBƏRLƏR
1075 Arxiv

2017.05.30

Azərbaycanda payızlıq buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyən edilib

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnar Qəhrəmanovanın “Gəncə-Qazax bölgəsində dənli bitki senozlarında yayılmış sərtqanadlılar (Coleoptera), onların növ tərkibi, bioekologiyası və trofik əlaqəsi” mövzusunda apardığı tədqiqatlar nəticəsində ölkəmizdə payızlıq buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyən edilib.

İlk dəfə olaraq Gəncə-Qazax bölgəsində payızlıq buğda sahələrində, həmçinin yabanı dənli bitkilərin üstünlük təşkil etdiyi təbii senozlarda böcək faunası ətraflı tədqiq edilib. Müəyyən edilib ki, bölgədə dənli bitkisenozlarında 10 fəsiləyə, 22 yarımfəsiləyə, 42 cinsə mənsub 54 növ yayılıb. Bunlardan 10 növ Azərbaycan faunasında, əlavə olaraq 16 növ isə Gəncə-Qazax bölgəsində ilk dəfə qeydə alınıb.

Tədqiqatlar nəticəsində başlıca zərərverici sərtqanadlıların ilk dəfə olaraq Gəncə-Qazax bölgəsi üçün fenoloji təqvimi verilib, torpaqda miqrasiyası, rastgəlmə tezliyi, uçuş dinamikası və həmin növlərin payızlıq buğdaya zərəri hesablanıb, entomofaqları və qida bitkisi ilə əlaqələri müəyyən olunub. Bu nəticələr nəinki bölgə, həmçinin Azərbaycan faunası üçün nəzəri elmi baza kimi mühüm əhəmiyyət kəsb edir.

Tədqiqat zamanı ilk dəfə olaraq, ekoloji göstəricilərin köməyi ilə dənli bitki senozlarında yayılmış sərtqanadlılar faunasının ekoloji analizi aparılıb.

http://science.gov.az/news/open/5783