XƏBƏRLƏR
11198 Arxiv

2017.05.17

AZƏRBAYCANDA YAYILMIŞ TISBAĞALAR HAQQINDA

Hazırda dünyada 250 növə yaxın tısbağalar var.Bütün tısbağa növləri 3 böyük qrupa bölünür: yanboyunlılar (Pleurodira), gizliboyunlılar (Cryptodira) və galhansizlar (Dermochelyidae). Azərbaycanda gizliboyun tısbağalar (Cryptodira) yarımdəstəsinə aid olan 3 növ tısbağa yaşayır. Onlardan biri Amerika şirin su tısbağaları - Emydidae, digəri Asiya şirin su tısbağaları – Geoemydidae və üçüncüsü quru tısbağaları – Testudinidae fəsiləsinə aid edilir.

Bataqlıq tısbağası. European pond turtle (ingl.). Европейская болотная черепаха (rus.). Amerika şirin su tısbağaları fəsiləsi – Emydidae Rafinesque, 1815. Avropa şirin su tısbağaları cinsi –Emys Dumeril, 1806. İki növü özündə birləşdirir Emys orbicularis  Linnaeus, 1758 və Emys trinacrisFritz et al., 2005. Avropa bataqlıq tısbağası növündə – Emys orbicularis Linnaeus, 1758 morfoloji və genetik fərqlər əsasında 16 yarımnöv ayırd edilir. Azərbaycanda Emys orbicularis iberica (Eichwald, 1831) yarımnövü yayılmışdır.

Şəkil 1. Bataqlıq tısbağası (Emys orbicularis)

Bataqlıq tısbağaları orta ölçülərə malikdirlər. Yarımnövlərdən asılı olaraq 12-35 sm təşkil edir. Çəkiləri isə maksimum 1,5 kq olur. Gözləri sarı, narıncı və ya qırmızımtıl olur. Özləri isə bəzən qara, coşqun-qəhvəyi, tünd-zeytunu rəngdə olur.

Onlar İspaniya, İtaliya, Mərakeş, Əlcəzair, Fransa, Türkiyə, Azərbaycan, Gürcüstan, Latviya, Litva, Rusiya, Moldova, Qazaxıstan, Türkmənistan və İran ərazilərində rast gəlinir.

Bataqlıq tısbağaları əsasən düzənlik və ön dağlıq ərazilərdə yayıla bilir. Azərbaycanda 1300m, Mərakeşdə isə hətta 1700 m yüksəkliklərdə rast gəlinir.

Onlar əsasən gün çıxdıqdan sonra aktivləşirlər. Qışlamadan mart-aprel ayları qayıdırlar. Qışlama isə oktyabrın sonu noyabrın əvvələrinə təsadüf edir.

Bataqlıq tısbağaları əsasən onurğasızlarla, qurdlar, molyusklar, xərçəngkimilər, həşəratlər ilə qidalanırlar. Onurğalılar və bitkilər onların qida rasionunda az bir qism təşkil edir.

Onların düşmənləriəsasən iri məməlilər və yırtıcı quşlardır. Onların yumurtalarını isə çöl itləri, tülkülər və qarğalar yeyirlər.

Onların təbiətdə 25-30 il yaşaması məlumdur. Bununla belə hətta 120 yaşlı tısbağaların olması məlumatı vardır.

Qışlamadan qayıdan tısbağalar bir müddət sonra cütləşirlər. Cütləşmə zamanı suyun temperaturu 18-20°C təşkil etməlidir. Cütləşmədən 60-75 gün sonra isə dişi yumurta qoyur. İnkubasiya 27-29°C baş verir. Bataqlıq tısbağalar 3-19 ağ yumurta qoyurlar. Yumurtalar ellips formasında olur. Uzunluqları 28-29 mm, eni 12-21 mm, çəkisi 7-8 q təşkil edir. İnkubasiya 60-110 gündür. Balalar 22-25 mm uzunluğa və 5 q çəkiyə malik olurlar.

Xəzər tısbağası. Caspian turtle (ingl.). Каспийскаячерепаха(rus.). Asiya şirin su tısbağaları fəsiləsi –Geoemydidae  Theobald, 1868. Su tısbağaları cinsi – Mauremys Gray, 1869. 9 növü özündə birləşdirir. Mauremys caspica (Gmelin, 1774) növünün arealı Cənubi Avropa, Ön Asiya və Şimal-Qərbi Afrikanı əhatə edir. Növ II Bern konvensiyasında əlavədə qeyd edilir. 4 yarımnövü ayırd edilir, onlardan 3-ü taksonomik əhəmiyyət kəsb edir:  nominativ – Mauremys c. caspica (Gmelin, 1774), Mauremys c. rivulata (Valenciennes, 1833) və Mauremys с. leprosa (Schweigger, 1812) yarımnövləri. Azərbaycanda nominativ yarımnöv M. c. caspica (Gmelin, 1774) yaşayır.

Şəkil 2. Xəzər tısbağası (Mauremys caspica)

Xəzər tısbağaları orta ölçülərə malikdirlər (25-28 sm). Bəzi fərdlər 35 sm catırlar. Çəkiləri isə 1,2 kq olur. Gözləri qəhvəyi ya da qara- qəhvəyi olur. Özləri isə tünd boz ya da coşqun-qəhvəyi rəngdə olur.

Qışlamadan aprel ayında qayıdırlar. Qışlama isə oktyabrın sonuna təsadüf edir.

Xəzər tısbağaları əsasən onurğasızlarla (qurdlar, molyusklar, xərçəngkimilər və həşəratlar)  və bitkilərlə qidalanırlar. Bitkilər onların qida rasionunda 30 % yer tutur.

Onların düşmənləriəsasən yırtıcı balıqlar və quşlardır. Onların yumurtalarını isə, tülkülər və qarğalar yeyirlər. Onların təbiətdə 35-40 il yaşaması məlumdur.

Qışlamadan qayıdan tısbağalar cütləşirlər. Cütləşmədən 55-60 gün sonra isə dişi yumurta qoyur. Xəzər tısbağaları 5-14 ağ yumurta qoyurlar. Yumurtalar ellips formasında olur. Uzunluqları 30-32 mm, eni 14-23 mm, çəkisi 8-10 q təşkil edir. İnkubasiya 60-90 gündür. Balalar 24-26 mm uzunluğa və 6 q çəkiyə malik olurlar.

Aralıq dənizi tısbağası. Greek tortoise (ingl.). Средиземноморская черепаха (rus.). Quru tısbağaları Testudinidae Gray, 1825 fəsiləsi 6 cinsi özündə birləşdirir. Mərkəzi cins quru tısbağaları Testudo Linnaeus, 1758 cinsinə 27 növ daxildir.

Aralıq dənizi tısbağası Testudo graeca (Linnaeus, 1758) növünün yayılma arealı Şimali Afrikanı, Cənubi Avropanı, Cənub-Qərbi Asiya və Qafqazı əhatə edir.           

10 yarımnöv ayırd edilir: T. g. graeca, T. g. ibera, T. g. armenica, T. g. buxtoni, T. g. zarudnyi, T. g. cyrenaica, T. g. marokkensis, T. g. nabeulensis, T. g. soussensis, T. g. terrestris. Azərbaycanda Testudo graeca ibera (Pallas, 1814) yarımnövü geniş yayılmışdır.

Şəkil 3. Aralıqdənizi tısbağası (Testudo graeca)

Yayılması:Şimali İspaniya, İtaliya (daxil olub), Sardiniya və Siciliya (introduksiya olunub), Fransa (introduksiya olunub), keçmiş Yuqoslaviya: Serbiya, Monteneqro, Şimali Yunanıstan, Albaniya, Ruminiya, Bolqaristan, Türkiyə, Mərakeş, Əlcəzair, Tunis, Liviya, İzrail, Suriya, İran, Şimali İraq, Rusiya (Dağıstan).

Təbiətin Qorunması üzrə Beynəlxalq İttifaqın (IUCN – International Union for Conservation of  Nature) təsnifatına əsasən, 1996-cı ildə Vulnerable (Təhlükə altında) A1cd kateqoriyasına daxil edilmişdir. Növün arealı məhdudlaşır, miqdarı isə sürətlə azalır.

Yaşayışına yararlı olan bütün landşaft sahələrdə-quru səhra və yarımsəhralar, kolluq bitkisi olan dağ ətəyi təpəlik sahələr, eləcə də ovalıq meşə və bağlarda rast gəlinir. Dağlarda dəniz səviyyəsindən 1400 m hündürlükdə qeyd edilmişdir. Azərbaycanda onların sayı ildən ilə azalır – hər 10 km yola orta hesabla 2000 il – 16; 2012 il – 2,8; 2015 il – 1,7 fərd düşür.

ralıq dənizi tısbağası dünyada nəslikəsilmək üzrə olan heyvan növlərinə aid Beynəlxalq Təbiəti Mühafizə Birliyinin "Qırmızı kitab"ına daxil olunub. Azərbaycan bu heyvan növünün təsadüf olunduğu 25 ölkədən biridir. Aralıq dənizi tısbağaları təbiətdə 30-35 il ömür sürə bilirlər. Süni şəraitdə (zooparklarda) 60 ilə qədər ömür sürə bilirlər.

 

Şəkil 4. Su tısbağaları akvaterrarium şəraitində

 

 

Biosenozlarda tısbağalar bir neçə trofik səviyyəni təşkil edirlər. Tısbağaların hər bir səviyyədə iştrak etməsi isə onların qidasına müvafiqdir. Tısbağaların biosenozlarda iştrakının mühüm aspektlərindən biri onların birincili və ikincili konsument, həmçinin aralıq redusentlərdə şərti produsent rolunda olmasıdır. Tısbağalar qida obyekti kimi onurğasızlar və xırda onurğalılardan istifadə edərək, onların saylarının tənzimlənməsində iştirak etmiş olur. Su tısbağaları ölümcül, xəstə balıqları və müxtəlif heyvanların leşlərini yeyərək göllərdə aralıq redusentlərin rolunu oynayır. Aralıqdəniz tısbağaları bitkilərin meyvələrini yeyərək onların bütün ərazi üzrə yayılmasına səbəb olur, heyvanların fekal nümunələrini və leşlərini yeməklə isə sanitar və aralıq redusentlər kimi çıxış edirlər. Biosenozlarda tısbağaların əhəmiyyəti onların qida zəncirlərində iştirakı ilə kifayətlənmir. Onların qazıcı fəaliyyəti ilə əlaqədar olaraq müəyyən qədər topik əlaqələrə də malik ola bilirlər.

 

            Müəllif: AMEA Zoologiya İnstitutu, Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi 

                          Novruzov N.Ə.