XƏBƏRLƏR
10947 Arxiv

2017.05.17

İlanların «yeddi qardaş» olması doğrudurmu?

Öncə qeyd etmək lazımdır ki, ilanlar haqqında yayılmış hər bir əfsanə və rəvayətin əsasında ilanlara xas olan real davranış xüsusiyyətləri durur. İlanların «yeddi qardaş» olması, birini öldürdükdə digər «qardaşın» intiqam alması haqqındakı rəvayət də ilanların həyat tərzi və davranış xüsusiyyətləri ilə izah olunur.Həqiqətən də ilanlar təbiətdə çox hallarda tək deyil, kiçik qruplar halında yaşayırlar.Belə qruplaşma ilanların cütləşməsi dövründə və qışlama ərəfəsində müşahidə olunur.Adətən, bu qruplar eyni ərazidə yaşayan, eyni vaxtda qoyulmuş yumrtalardan çıxmış, həmcins olduqları üçün eyni rəngdə və formada olan ilanlardan ibarət olur. Qruplarda ilanların sayı 2-10 və s. ola bilər. Odur ki, kimsə öz bağında və ya həyətində bu «ailənin» bir üzvü ilə rastlaşıb onu öldürübsə, digər üzvü ilə də, nə vaxtsa, rastlaşma ehtimalı qalır.Növbəti rastlaşma da, həmişəki kimi, təsadüfən və gözlənilmədən baş verir. Bir müddət öncə öldürdüyü ilana oxşar başqa bir ilanın peyda olmasını həmin adam «intiqam» kimi yozur. Əlbəttə, intiqamdan söhbət gedə bilməz, çünki intiqam hissi yalnız ali şüuru olan insanlara xasdır və ağılın, zəkanın məhsulu olan hərəkət növüdür. Rəvayətdə «qardaşların» sayının məhz 7 olması isə bu rəqəmin şərq dünyasında mifik mahiyyət daşıması və müqəddəs olması ilə əlaqədardır.

Biologiya üzrə fəlsəfə doktoru,

Təvəkkül İsgəndərov