XƏBƏRLƏR
3121 Arxiv

2017.04.24

“AMEA-nın professoru” elmi adını almaq üçün müsabiqə elan olunur

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2017-ci il 19 aprel tarixli 6/5 nömrəli qərarına əsasən “AMEA-nın professoru” elmi adını almaq üçün müsabiqə elan edilir.

“AMEA-nın professoru” elmi adı AMEA-nın Rəyasət Heyəti tərəfindən AMEA-nın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, elmi ictimaiyyət tərəfindən qəbul olunan milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər əldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsində, dövlətçiliyin qorunmasında və inkişafında, habelə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş yaşı 50-dək olan elmlər doktorlarına verilir.

“AMEA-nın professoru” adına namizədlər elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə irəli sürülür.

“AMEA-nın professoru” elmi adı Azərbaycan elminin inkişafında, beynəlxalq aləmdə nüfuzunun artırılmasında və dünya elminə inteqrasiyasında, habelə Azərbaycanın beynəlxalq elmi əlaqələrinin genişləndirilməsində xüsusi xidmətləri olan xarici ölkə alimlərinə də verilə bilər.

Namizədlərin irəli sürülməsi ilə bağlı aşağıdakı sənədlər mətbuatda elan dərc edildiyi gündən etibarən 30 gün müddətində AMEA-nın müvafiq elmi bölmələrinə (Bakı ş., İstiqlaliyyət küç., 30.) təqdim edilməlidir:

- namizədin irəli sürülməsi haqqında müvafiq elmi şuranın qərarı;

- namizədin elmi əsərlərinin təsdiq olunmuş siyahısı;

- namizədin hazırladığı elmi kadrların təsdiq olunmuş siyahısı;

- kadr uçotu üzrə şəxsi vərəqə;

- 2 ədəd fotoşəkil (6x9 sm.);

- ali təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;

- tərcümeyi-hal;

- şəxsiyyət vəsiqəsinin surəti.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

http://science.gov.az/news/open/5516