XƏBƏRLƏR
3294 Arxiv

2017.04.10

Alimlər Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə bağlı çağırışına qoşulurlar

Toxuculuq sənayesinin əsas xammalı olan, sənaye və texnikanın geniş sahələrində istifadə edilən pambığın ölkəmiz üçün böyük iqtisadi əhəmiyyəti var. Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun əməkdaşları Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə bağlı çağırışına qoşularaq öz elmi-tədqiqat planlarında müvafiq məsələyə xüsusi diqqət ayırıblar. Belə ki, 2017–2020-ci illər üçün tərtib edilən planda pambıqçılığa hər il külli miqdarda ziyan vuran pambıq sovkasının populyasiyasının aqrosenozlarda müasir vəziyyətinin öyrənilməsi və ona qarşı kompleks mübarizə tədbirləri planının hazırlanması kimi geniş elmi-tədqiqat işləri nəzərə alınıb və bu ildən etibarən həyata keçirilməsi planlaşdırılır. Zoologiya İnstitutunun əməkdaşlarının bu işdə böyük təcrübəsi və səriştəsi var.

Bunu AZƏRTAC-a institutun Tətbiqi Zoologiya Mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov deyib.

B.Əhmədov diqqətə çatdırıb ki, hələ 1970–1980-ci illərdə institutun əməkdaşları Saatlı, Sabirabad, Neftçala və digər pambıqçılıq rayonlarında tədqiqatlar aparıb, lazımi məsləhət və tövsiyələr veriblər. Qeyd etmək lazımdır ki, həmin dövrlərdə respublikamızın bir sıra pambıqçılıq regionlarında təsərrüfat baxımından faydalı həşəratların çoxaldılıb pambıq sovkasına qarşı bioloji mübarizə vasitəsi kimi istifadə məqsədilə xüsusi biofabriklər fəaliyyət göstərib. Yaxşı olardı ki, həmin fabriklərin bərpası yenidən təmin edilsin. Bu, həm iqtisadi, həm də ekoloji cəhətdən ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Eləcə də təbiətə minimum təsir etməklə məhsuldarlığı xeyli artırmağa imkan verir.

B.Əhmədov deyib: “Xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, orada pambıqdan alınan məhsullardan istifadə olunmasın. Keçmiş sovetlər dövründə ölkəmiz əsas pambıqçılıq respublikaları sırasında qabaqcıl yerlərdən birini tuturdu. 1970–1980-ci illərdə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə pambıqçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilib. Ümummilli Liderin qayğı və diqqəti sayəsində respublikamızda pambıq tədarükü il ərzində 1 milyon tonadək çatdırılıb. Lakin keçən əsrin sonlarında ölkəmizdə yaranmış şərait digər sahələr kimi pambıqçılığa da mənfi təsirini göstərib, minlərlə hektar pambıq əkini sahələri məhv edilib”.

Hazırda bu gəlirli sahənin inkişafına və yenidən “ağ qızıl”ın şöhrətinin özünə qaytarılmasına Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığını bildirən B.Əhmədov vurğulayıb ki, dövlətimizin başçısının ötən ilin yanvarında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı pambıqçılığın inkişafı ilə əlaqədar çox ciddi vəzifələr müəyyənləşdirib. Bu gəlirli sahənin inkişaf etdirilməsi, şübhəsiz ki, ölkəmizdə əlavə iş yerlərinin açılmasına və əhalinin yüksək maaşlı işlə təmin olunmasına imkan yaradacaq. Ötən il Sabirabadda, cari ildə isə Saatlıda keçirilən pambıqçılıq üzrə zona müşavirələrində Prezident İlham Əliyevin çıxışları və tapşırıqları bu sahəyə olan diqqət və qayğının parlaq nümunəsidir.

http://azertag.az/xeber/Alimler_Prezident_Ilham_Aliyevin_pambiqchiligin_inkisafi_ile_bagli_

chagirisina_qosulurlar-1049901