XƏBƏRLƏR
3507 Arxiv

2017.02.10

Bakı şəhəri ərazisinin ekoloji-geomorfoloji rəqəmsal modeli hazırlanıb

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda bu elmi müəssisənin direktoru, akademik Ramiz Məmmədovun sədrliyi ilə növbəti elmi seminar keçirilib. Tədbirdə institutun əməkdaşı, c.ü.f.d. Seymur Məmmədov qrant layihəsi çərçivəsində “Bakı şəhəri ərazisinin ekoloji-geomorfoloji rəqəmsal modelinin yaradılması” mövzusunda apardığı tədqiqat işi barədə hesabat məruzəsi ilə çıxış edib.

Tədqiqatçı kosmik radar məlumatları əsasında tədqiqat ərazisi relyefinin rəqəmsal modelini hazırlayıb, 1:50 000 miqyasında rəqəmsal geomorfoloji xəritə, bir sıra morfometrik xəritələr və Böyük Bakı ərazisinin sürüşmə təhlükəliyi xəritəsini tərtib edib.

S.Məmmədov tədqiqat ərazisində geomorfoloji təhlükələr və şəhər planlaşdırılması haqqında məlumat verib. Bildirib ki, Böyük Bakı daxilində olan bütün sürüşmə sahələri geniş təhlil olunub və bu ərazilərin relyefinin detal rəqəmsal modelləri yaradılıb. 

Bunun əsasında tədqiqat ərazisində potensial sürüşmə təhlükəsi olan ərazilər də ayrılıb. Bundan əlavə, ərazidə yayılmış eroziya prosesləri, xüsusilə də, yarğan eroziyası ətraflı təhlil olunub.

Mövzunun elmi-praktik əhəmiyyəti nəzərə alınmaqla, tədqiqat işi nəticələrinin maraqlı təşkilatlara - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətinə göndərilməsi, eləcə də ingilis dilinə tərcümə olunub xarici elmi jurnalların birində dərc etdirilməsi tövsiyə olunub.

 

http://science.gov.az/news/open/5032