XƏBƏRLƏR
3586 Arxiv

2017.02.07

“Asan İmza” Elmin İnkişafı Fondunun “e-QRANT” sisteminə inteqrasiya olunub

“Asan İmza” mobil elektron imza xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Qrant layihələrinin elektron idarə olunması sistemi”nə - “e-QRANT”a inteqrasiya olunub. Bu məqsədlə Elmin İnkişafı Fondu ilə “Asan İmza” xidmətinin operatoru olan “B.EST Solutions” şirkəti arasında “Asan İmza” mobil elektron imza innnovasiya sisteminə qoşulma haqqında müvafiq saziş imzalanıb.  

Bu saziş müxtəlif xarakterli elmi-tədqiqat işlərinin qrant maliyyələşdirilməsi üçün layihələrin “e-QRANT” elektron sistemi vasitəsi ilə təqdim olunmasında “Asan İmza” xidmətindən istifadəni nəzərdə tutur.

Bununla yanaşı, Elmin İnkişafı Fondu və “B.EST Solutions” şirkəti alimlər üçün “Asan İmza” xidmətinin ödənişsiz olaraq əldə edilməsi məqsədilə ilkin xüsusi aksiyanın keçirilməsini də elan edib. Aksiyanın şərtlərinə uyğun olaraq alimlər cari ilin fevral ayının sonuna kimi Elmin İnkişafı Fondu və “B.EST Solutions” şirkəti tərəfindən onlara təqdim olunan sertifikatdan istifadə etməklə, ödənişsiz olaraq “Asan İmza” xidmətindən yararlana biləcək. “Asan İmza”nın əldə edilməsi üçün alimlər sertifikatla və digər zəruri sənədlərlə 1 saylı “ASAN xidmət”ə müraciət etməlidir. Bu aksiya ilkin olaraq Fondun yeni elan etdiyi “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsində iştirak etmək istəyən və Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qurumlarında çalışan alimləri əhatə edəcək.

“Asan İmza” xidmətindən istifadə Elmin İnkişafı Fondunun elektron sisteminə sənədlərin və müxtəlif layihələrin təqdim edilməsi üçün alimlər və ekspertlər qarşısında innovativ imkanlar açır.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu haqqında:

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 21 oktyabr 2009-cu ildə təsis edilmişdir.

Elmin İnkişafı Fondu qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləmək, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda elmi tədqiqatlarla bağlı maddi-texniki cihaz və avadanlıq bazasını ən müasir səviyyədə yeniləmək və ya gücləndirmək, eyni zamanda, kadr hazırlığına xüsusi diqqət yetirmək, müxtəlif elmi tədbirləri təşkil edərək keçirmək, alimlərin xaricdə keçirilən elmi tədbirlərdə, qüsamüddətli təcrübə artırmada iştirakını təmin etmək, elmi nəşrləri dəstəkləmək və başqa bu kimi məsələlərin həllini bir məqsəd kimi müəyyənləşdirib. Bu zaman Elmin İnkişafı Fondu ölkədə elmin inkişafına əlavə və effektiv stimul, çeviklik, yeni yanaşma gətirən bir qurum kimi akademik və təhsil sistemlərində və digər qurumlarda çalışan alim və mütəxəssislərin bir araya gəlməsinə, əməkdaşlıq etməsinə xüsusi şərait yaradır.

“B.EST Solutions” şirkəti haqqında:

“B.EST Solutions” şirkəti Azərbaycanda rəqəmsal identitet və gücləndirilmiş mobil elektron rəqəmsal imza texnologiyaları əsasında platforma və xidmətlərin hazırlanması üzrə ixtisaslaşır. 2016-cı ilin iyul ayından etibarən şirkət Avropa Rəqəmsal İdentitet və Təhlükəsizlik Assosiasiyasının (ARİTA) üzvüdür. “B.EST Solutions” şirkəti “Asan İmza” xidmətinin müxtəlif dövlət və özəl qurumlara inteqrasiya olunması istiqamətində fəaliyyətini davam etdirir. Şirkət tərəfindən tətbiq edilmiş və idarə olunan “Asan İmza” mobil imza xidməti Azərbaycanda vahid elektron-hökumət konsepsiyasının mühüm komponentini təşkil etməklə yanaşı, özəl sektor tərəfindən elektron xidmətlərin göstərilməsində də istifadə olunur və ölkədə bir çox banklar, sığorta şirkətləri, onlayn ödəniş portalları öz elektron sistemlərində mobil imza xidmətindən fəal şəkildə yararlanır.

 

http://science.gov.az/news/open/5014