XƏBƏRLƏR
3535 Arxiv

2017.02.02

AMEA prezidenti 2 fevral - Gənclər Günü münasibətilə Akademiyanın magistrant və doktorantları ilə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə 2 Fevral – Gənclər Günü münasibətilə Akademiyanın magistrant və doktorantları ilə görüşüb.

Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbiri giriş sözü ilə açan akademik Akif Əlizadə magistrant və doktorantları, həmçinin AMEA-nın gənc əməkdaşlarını 2 Fevral – Gənclər günü münasibətilə təbrik edib. Ölkə rəhbərliyinin hər zaman gənclərə diqqət və qayğı ilə yanaşdığını deyən AMEA rəhbəri 1997-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə fevral ayının 2-nin ölkəmizdə Azərbaycan Gəncləri günü elan edilməsinin bu qayğının göstəricisi olduğunu bildirib. 

Akademik vurğulayıb ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. Ölkəmizdə gənclərin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görüldüyünü söyləyən akademik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin ölkəmizdə gəncliyin inkişafına təkan verdiyini qeyd edib.

Akademik Akif Əlizadə AMEA-da gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların, həmçinin magistrant və doktorantların elmi fəaliyyətlərinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. AMEA rəhbəri gənc alimlərə, magistrant və doktorantlara tövsiyələrini verib, təhsillərində, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, iqtisad üzrə elmlər doktoru İsa Alıyev çıxış edərək Akademiyada magistratura pilləsinin yaradılmasının əhəmiyyətindən danışıblar, gənclərə uğurlar arzulayıblar.

Tədbirdə gənc alimlər, magistrant və doktorantlar çıxış edərək yaradılan şəraitə və dəstəyə görə AMEA rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonra tədbir bədii hissə ilə davam edib. "Zirvə" instrumental ansamblının ifasında Rəşid Behbudovun repertuarından mahnılar, muğam, xalq, klassik musiqimizdən nümunələr səsləndirilib.  

 

http://science.gov.az/news/open/4986