XƏBƏRLƏR
3498 Arxiv

2017.02.02

“Thomson Reuters” elmi bazasının resurslarından səmərəli istifadə dünya elminə inteqrasiya baxımından əhəmiyyətlidir

Fevralın 1-də AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda “Thomson Reuters” elmi bazasının informasiya resursları üzrə eksperti Aygün Babazadə bu elmi müəssisənin əməkdaşları üçün treninq keçib.

Tədbirdə institutun direktoru, akademik Vaqif Abbasov alimlərin mühüm elmi nəticələrinin təbliğində xüsusi rola malik olan elmi bazalarla əməkdaşlıq əlaqələrinin qurulmasının elmi-tədqiqat institutlarının qarşısında duran başlıca vəzifələrdən olduğunu söyləyib.  Bildirib ki, “Thomson Reuters” elmi bazasının resurslarından səmərəli istifadə dünya elminə inteqrasiya baxımından əhəmiyyətlidir.

Ötən il AMEA ilə “Thomson Reuters” agentliyi arasında əməkdaşlığa dair müqavilənin imzalandığını söyləyən V.Abbasov qeyd edib ki, şirkətin resurslarından istifadə ilə yanaşı, onların fondunda olan 18000-ə qədər elmi jurnalların hər hansı birində elmi məqalələrin dərc olunması alimlərimizin və elmimizin təbliği baxımından önəmlidir.

Daha sonra Aygün Babazadə şirkətin fəaliyyət istiqamətləri, iş prinsipləri, resurslardan istifadə qaydaları barədə ətraflı məlumat verib.

Sonda ekspert alimlərin çoxsaylı suallarını cavablandırıb.

 

http://science.gov.az/news/open/4975