XƏBƏRLƏR
1290 Arxiv

2017.01.17

Akademik Kamal Abdullanın İtaliyada yeni kitabı çap olunub

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı İtaliyanın məşhur “Sandro Teti Editore” nəşriyyatında çap edilib.

Romanı italyan dilinə rus dilindən Genuya Universitetinin müəllimi Daniele Franzoni tərcümə edib.Kitabı italyan oxucusuna hazırda Avropanın bir çox aparıcı universitetləri ilə yanaşı, Harvard Universiteti ilə də əməkdaşlıq edən, orta əsrlər ədəbiyyatı və mədəniyyəti, eləcə də islam, xristianlıq və iudaizmlə bağlı sivilizasiyalararası münasibətlər üzrə mütəxəssis Franko Kardini təqdim edir. Professor F.Kardininin romana yazdığı “Ön söz”də əsər bütün ədəbi-bədii layları ilə təhlil olunur, romandakı magik təxəyyülün Şərq və Qərb sivilizasiyalarının qovuşma nöqtəsində ortaya çıxan enerjidən qaynaqlandığı ifadə edilir.

Kitabın üzündə orta əsr rəssamı Maqsud Kəşaninin 1539-1540-cı illərdə çəkdiyi və hazırda Londondakı Viktoriya və Albert Muzeyində saxlanılan rəsmin təsviri verilib.

Qeyd edək ki, indiyə qədər “Sehrbazlar dərəsi” romanı Fransa, ABŞ, Rusiya, Türkiyə, Yaponiya, İran, Litva və Qazaxıstanda nəşr edilib.

 

http://science.gov.az/news/open/4885