XƏBƏRLƏR
3257 Arxiv

2017.01.13

İqtisadi artımı iqtisadi inkişafa çevirəcək Strateji Yol Xəritəsi

İqtisadi inkişaf uzunmüddətli əmək və əsaslandırılmış strateji hədəflər olmadıqca çox həssas bir prosesə çevrilir və tez-tez kənar amillərin təzyiqinə məruz qalır. Xüsusilə, idxal asılılığı və ixracda müəyyən bir azsaylı məhsullarla təmsil olunan resurs ölkələrində iqtisadi artımın iqtisadi inkişafa çevrilməsi adətən həmin resursların dünya bazarındakı qiymət çalxalanmalarından asılı olduğu iqtisad və idarəetmə elmlərində məlum olan məsələdir. İqtisadi artımın ən pik olduğu 2011-2012-ci illərdə Azərbaycan neft gəlirlərinə görə dünyada ən sürətlə artan iqtisadiyyata malik olsa da, son illər neftin dünya bazarındakı qiymətinin azalması, manat-dollar nisbətinin kəskin dəyişməsi və digər amillər milli iqtisadiyyatımızda müəyyən artım göstəricilərinin azalmasına gətirib çıxarmış oldu. Bu baxımdan iqtisadi artımı bərpa etmək və uzunmüddətli strateji hədəf kimi dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün xüsusi elmi-iqtisadi əsaslandırılmış hədəflərin qoyulması və həmin hədəflərə çatmaq üçün iqtisadi islahatların yeni dalğasının zəruri olduğu aşkar hiss olunmağa başladı.

Strateji hədəflər və müvafiq iqtisadi islahatların aparılması üzrə ölkə rəhbərliyinin verdiyi vacib və vaxtında bir qərara əsasən hazırlanan “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün kifayət qədər ciddi və ümidverici bir sənəddir. Belə ki, sənədə uyğun olaraq konkret hədəflər və bu hədəflərə nail olma yolları göstərilmiş, “qızıl qayda”ya əsaslanan meyarlar müəyyən edilmiş və milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması prioritetləşdirilmişdir. Bu baxımdan, sənəddə yer alan məsələlərin diqqətlə həyata keçirilməsi, əminliklə demək olar ki, orta və uzunmüddətli dövr üçün geniş perspektivlər açır.

Sənəddə elm, innovasiya, təhsil və tədqiqata verilən önəm isə xüsusilə vurğulanmalıdır. Qeyd olunduğu kimi, “Qabaqcıl texnologiyaların idxalı ilə yanaşı, həm də onu idarə edən insan kapitalının formalaşdırılması, ümumilikdə təfəkkür tərzinin yeni qlobal çağırışlar və meyillərə uyğun inkişafı həyata keçiriləcəkdir. Daha qabaqcıl texnologiya və insan kapitalı daha yüksək əlavə dəyər yaradır. Azərbaycanın elmi potensialı qlobal meyillərə uyğun şəkildə yeni texnologiyaların inkişafına töhfə verəcəkdir”. Beləliklə, iqtisadi inkişafın elm və texnologiyalar olmadan təsəvvür edilmədiyi müasir rəqabət şəraitində Azərbaycan iqtisadiyyatı üçün elmə ayrılan diqqəti nəzərə alaraq elm-innovasiya-sənaye zəncirinin effektiv təşkili xüsusi önəm qazanmış olur. İnsan kapitalının inkişaf etdirilməsi üzrə Strateji hədəf elm ictimaiyyəti qarşısında innovasiyaya meyilli (elm və texnologiya tutumlu) istehsal (xidmət) sektorunun investisiya cəlbediciliyinin artırılması, klaster yaratma təşəbbüslərinin dəstəklənməsi və əmək məhsuldarlığının yüksəldilməsi üzrə əsas prioritetləri müəyyən edərək rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması vəzifəsini qoymuş olur.

Sənəddə nəzərdə tutulan “təhsil-elm-istehsal” əlaqələrinin səmərəliliyinin artırılması istiqamətindəki işlər artıq Azərbaycan Milli  Elmlər Akademiyasında (AMEA) görülən işlər də öz əksini tapmışdır. Belə ki, “Azərbaycan Milli Elmlər Akademiyası “elm-təhsil-istehsal” zəncirində aktiv iştirak etməklə Azərbaycanın qlobal istehsal zəncirində iştirakına öz töhfəsini verir. Hazırda AMEA “elm-təhsil-istehsal” zəncirini qurmaq məqsədilə tədqiqat universitetlərinin yaradılması ilə bağlı bir sıra addımlar atmışdır” deyə qeyd edilən Strateji Yol Xəritəsində həmçinin vurğulanır ki, “elmin inkişafı təşviq ediləcək, özəl sektor tərəfindən araşdırma və təkmilləşdirmələrə investisiya qoyuluşunu təmin etmək üçün stimullaşdırıcı tədbirlər görüləcəkdir... Elmi tədqiqatların aparılmasını, sınaqdan keçirilməsi və tətbiqini, “elm-istehsal-bazar” əlaqələrinin optimallaşdırılmasını təmin edəcək, köməkçi xarakterə malik qurumların yaradılması təşviq ediləcəkdir”.

Cənab prezidentin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının (YTP) yaradılması məhz həmin institusional-təşkilati inkişafın bariz nümunəsidir. Elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmaye yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması yolu ilə Park strateji hədəflərə nail olmaq üçün öz töhfəsini verəcəkdir. Milli iqtisadiyyatın neftdən asılılığını azaltmaq, idxal əvəzləyici sektorları inkişaf etdirmək, ixrac bazarlarında rəqabət üstünlükləri əldə etmək, qlobal dəyər zəncirlərində iştirakı artırmaq və digər strateji hədəflərə nail olmaq üçün Parkın görəcəyi işlər və perspektivlər kifayət qədər genişdir. Belə ki, (1) qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi ilə resurs asılılığının azaldılması, (2) kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində YTP startaplara və özəl şirkətlərə əlverişli mühit yaratmaqla rəqabətqabiliyyətli bazar subyektlərinin yaradılması və idxal əvəzləyici sektorların formalaşdırılması, (3) özəl şirkətlərə stimullaşdırıcı şərait yaratmaqla ixracmeyilli sektorlar üçün rəqabət üstünlükləri qazandırılması, bu istiqamətdə beynəlxalq əməkdaşlıq imkanlarından istifadə edilməsi, (4) tədqiqat və təkmilləşdirmə işlərinin nəticəsi olaraq qlobal dəyər zəncirlərində spesifik məhsullar üzrə ixtisaslaşaraq bazar payı əldə edilməsi, (5) nəzərdə tutulan sektorlar və hədəflər üzrə elmi problemlərin həlli istiqamətində proqram və tədqiqatlar həyata keçirilməsi üzrə AMEA-da, xüsusilə AMEA Yüksək Texnologiyalar Parkı üçün bütün lazımi infrastruktur şərait yaradılmışdır və 2017-ci ildən etibarən töhfələrini verə bilməsi üçün intensiv işlər həyata keçirilir.

Ölkəmizin iqtisadi inkişafının dayanıqlılığı və rəqabətqabiliyyətliyi baxımından önəmli olan Strateji Yol Xəritəsi həm elmə ayırdığı diqqət və əhəmiyyətinə, həm də beynəlxalq sınanmış təcrübələri nəzərə aldığına görə yüksək qiymətləndirilməli və hazırkı iqtisadi şəraitin müsbətə doğru dəyişdirilməsi üçün bütün müvafiq institutların birgə, aktiv və məhsuldar iştirakı təmin edilməlidir. 

AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsininrəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev

"AzərTAc" İnformasiya Agentliyi      

 

http://science.gov.az/news/open/4862