XƏBƏRLƏR
341 Arxiv

2026.10.30

Parazitiologiya laboratoriyasının əməkdaşları Mingəçevir və Yevlax rayonlarında ekspedisiyada olublar

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları, dosent Simuzər Mamedova və dosent Nuranə Hacıyeva 19–23 oktyabr 2026-cı il tarixlərində Mingəçevir və Yevlax rayonlarında elmi ekspedisiyada iştirak ediblər.

Ekspedisiyanın əsas məqsədi Mingəçevir-Yevlax hidroqovşağında məskunlaşan müxtəlif növ su onurğalılarının, əsasən balıqların bağırsaq və qan parazitlərinin növ tərkibinin müəyyənləşdirilməsi  üçün çöl-tədqiqat materiallarının toplanması olub.

Ekspedisiya çərçivəsində Kür çayının sahilboyu ərazilərində, eləcə də çaydan müəyyən məsafədə yerləşən kanallarda çöl-tədqiqat işləri aparılıb. Tədqiqat məqsədilə müxtəlif növ balıqlardan nümunələr götürülüb və onların parazitoloji müayinəsi həyata keçirilib. Bəzi heyvanlardan isə qan və fekal nümunələri toplanaraq müvafiq tədqiqat materialları əldə edildikdən sonra heyvanlar təbii yaşayış mühitinə qaytarılıblar.

Müasir dövrdə su ekosistemlərinin antropogen təsirə və ekoloji çirklənməyə məruz qalması fonunda balıqlar bu dəyişikliklərə qarşı həssas münasibət göstərən əsas bioindikatorlardan biridir. Bu baxımdan aparılan parazitoloji tədqiqatlar yalnız parazit faunasının öyrənilməsi ilə məhdudlaşmır, həm də su hövzələrinin ümumi ekoloji tarazlığının və sanitariya-gigiyenik vəziyyətinin qiymətləndirilməsində mühüm elmi-praktiki əhəmiyyət daşıyır.