XƏBƏRLƏR
360 Arxiv

2026.10.27

Dosent İradə Xəlilova Çində keçirilən beynəlxalq konqresdə iştirak edib

15–20 oktyabr 2026-cı il tarixlərində AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Xəlilova Çin Xalq Respublikasının Hefei şəhərində xidməti ezamiyyətdə olub.

Ezamiyyət çərçivəsində İradə Xəlilova Anhui Kənd Təsərrüfatı Universitetinin təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Kakao, Kofe və Çay –“CoCoTea Asia 2026” konqresində dəvətli məruzəçi qismində iştirak edib. O, “Qafqazda və Cənubi Azərbaycanda çay bitkisinin ekoloji adaptasiya potensialı və əsas zərərvericiləri” mövzusunda məruzə ilə çıxış edərək elmi tədqiqatların nəticələrini beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırıb.

Səfər çərçivəsində, 16 oktyabr tarixində Canlı Sistemlərin Tədqiqi İnstitutu ilə çay elmi və təhsili sahəsində dünya liderlərindən biri sayılan Anhui Kənd Təsərrüfatı Universitetinin Çay bitkisi genofondunun innovasiyası və resurslarından istifadə üzrə Dövlət Baş Laboratoriyası arasında rəsmi ikitərəfli Anlaşma Memorandumu imzalanıb. İmzalanmış memorandumun çay bitkisinin genofondunun qorunması, zərərvericilərin öyrənilməsi, birgə layihələrin hazırlanması və elmi-tədqiqat sahəsində beynəlxalq əməkdaşlığın inkişafına böyük töhfə verəcəyi gözlənilir.

Bununla yanaşı, universitet rəhbərliyi ilə keçirilən işgüzar görüşdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik əməkdaşlığın genişləndirilməsi və gələcək tərəfdaşlıq perspektivləri geniş müzakirə olunub.