XƏBƏRLƏR
486 Arxiv

2026.10.27

Ölkəmizdə ilk dəfə “I Milli Leyşmanioz Konfransı” keçirilib

23–24 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun və Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun birgə təşkilatçılığı ilə  Azərbaycanda ilk dəfə  “I Milli Leyşmanioz Konfransı” keçirilib.

Beynəlxalq iştirakla təşkil olunan konfransda ölkənin müxtəlif elmi-tədqiqat müəssisələrini və səhiyyə qurumlarını təmsil edən alimlər, tədqiqatçılar, həkimlər, laboratoriya işçiləri və digər sahə mütəxəssisləri iştirak ediblər.

Konfransda həmsədr, Canlı Sistemlərin Tədqiqi İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Xəlilova çıxış edərək konfransın işinə uğurlar arzulayıb. O, çıxışında leyşmanioz probleminin kompleks şəkildə araşdırılmasının, xəstəliyin yayılma xüsusiyyətlərinin öyrənilməsinin və ona qarşı effektiv mübarizə strategiyalarının hazırlanmasının əhəmiyyətini qeyd edib.

Sonra konfransın işi məruzələrlə davam etdirilib və söz məruzəçilərə verilib.

Tədbirdə Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları – biologiya elmləri doktoru, dosent Reyhan İbrahimova və biologiya üzrə fəlsəfə doktoru, dosent Türkan Qurbanova da çıxış edərək tədqiqatlarının nəticələrini təqdim ediblər.

Reyhan İbrahimova “Azərbaycanda zoonoz törədicilərinin yayılması və onlara qarşı mübarizə tədbirlərinin hazırlanması”, Türkan Qurbanova isə “Sürünənlər və Leishmania: Azərbaycan ərazisində yeni qeydlər” mövzularında geniş məruzələrlə çıxış ediblər. Çıxışlarda müvafiq istiqamətlər üzrə aparılan elmi tədqiqatların nəticələri, əldə olunan yeniliklər və leyşmaniozun öyrənilməsi baxımından aktual elmi məsələlər diqqətə çatdırılıb.

Tədbirin yekununda məruzəçilər sertifikatlarla təltif olunublar.