XƏBƏRLƏR
338 Arxiv

2026.10.26

Canlı Sistemlərin Tədqiqi İnstitutunda xəbərdarlıq-toplanış məşqi keçirilib

23 oktyabr 2026-cı il tarixində AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə rəhbər və komandir-rəis heyətinin iştirakı ilə Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq-toplanış məşqi keçirilib.

Mülki Müdafiə Qərargah rəisi Rəhim Rəhimovun rəhbərliyi ilə keçirilən məşqin əsas məqsədi fövqəladə hadisələr zamanı institut əməkdaşlarının fəaliyyətə hazırlıq səviyyəsinin qiymətləndirilməsi, mülki müdafiə üzrə müəyyən edilmiş tədbirlərin icrasının yoxlanılması, habelə kollektivin operativ və mütəşəkkil fəaliyyət bacarıqlarının təkmilləşdirilməsi olub.

Təlim çərçivəsində SOS siqnalı verildikdən sonra əməkdaşlar müəyyən edilmiş toplanış məntəqəsinə gələrək mütəşəkkil şəkildə toplaşıblar. Məşq zamanı yanğının söndürülməsi, xəsarət alan şəxsin kürəkdə təhlükəsiz əraziyə daşınması və zərərçəkənə ilkin tibbi yardım göstərilməsi üzrə praktiki tədbirlər həyata keçirilib. Eyni zamanda, əməkdaşların xəbərdarlıq siqnalına çevik reaksiyası və müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb.

Qeyd edək ki, bu cür toplanış məşqi fövqəladə hallar zamanı mümkün risklərin minimuma endirilməsi, əməkdaşların təhlükəsizlik qaydaları üzrə məlumatlılığının artırılması və mülki müdafiə tədbirlərinin səmərəli təşkili baxımından böyük əhəmiyyət daşıyır.