2026.10.11
“Beynəlxalq Ahıllar Günü” nə həsr olunmuş tədbirdə uzunömürlülük və sağlamlığın qorunması məsələləri müzakirə edilib
8 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi PHŞ-nin, Bakı Herontoloji Mərkəzinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə “Beynəlxalq Ahıllar Günü” nə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində ahıl və yaşlı insanların sosial-bioloji problemləri, onlara qulluq qaydaları, müalicə və xəstəliklərin profilaktikası məsələlərinə dair məruzələr dinlənilib, yaşlı əhalinin sağlamlığının qorunması və həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində aktual məsələlər müzakirə olunub.
Tədbirdə Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-nin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Natəvan Kərəmova “Uzunömürlülük və sağlamlıq göstəricilərinin qorunması yolları” mövzusunda təqdimatla çıxış edib.
Tədqiqatçı təqdimatında qocalma mexanizmlərinin sağlamlıq göstəricilərinə təsiri, uzunömürlülüyün fizioloji əsasları, eləcə də sağlam və aktiv qocalmanın təmin olunmasında profilaktik tədbirlərin əhəmiyyəti barədə məlumat verib. O, sağlamlığın qorunması, yaşla əlaqədar fizioloji dəyişikliklərin nəzərə alınması və uzunömürlülüyə töhfə verən profilaktik yanaşmaların əhəmiyyətini diqqətə çatdırıb.




