XƏBƏRLƏR
580 Arxiv

2026.10.13

Ekotoksikologiya laboratoriyasının əməkdaşları Lənkəran sahil akvatoriyasında elmi ekspedisiyada olublar

 

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Ekotoksikologiya laboratoriyasının əməkdaşları - biologiya üzrə fəlsəfə doktoru Sevinc Yusifova, Sevinc Quliyeva və Elcan Qənbərli 1–8 oktyabr 2026-cı il tarixlərində Xəzər dənizinin Lənkəran akvatoriyasında elmi ekspedisiyada olublar.

Ekspedisiyanın əsas məqsədi Xəzər dənizinin antropogen təsirlərə məruz qalan müxtəlif balıq növlərinin qəlsəmə toxumasının histoloji vəziyyətinin qiymətləndirilməsi üçün tədqiqat materiallarının toplanması olub.

Tədqiqatlar çərçivəsində Lənkəran şəhərinin çimərlik ərazisi və Balıqçılar kəndi yaxınlığındakı sahil akvatoriyalarında müşahidələr aparılıb, müxtəlif növlərə mənsub balıq nümunələri  toplanılıb.

Toplanmış nümunələrdən histoloji tədqiqatların aparılması məqsədilə qəlsəmə toxuması materialları götürülərək müvafiq fiksasiya məhlulunda konservasiya edilib. Nümunələrin laboratoriya şəraitində histoloji müayinənin aparılması, qəlsəmə toxumasının morfoloji xüsusiyyətlərinin öyrənilməsi, eləcə də mümkün struktur və patoloji dəyişikliklərin müəyyənləşdirilərək qiymətləndirilməsi nəzərdə tutulur.

Tədqiqatın nəticələrinin Xəzər dənizinin cənub sahil akvatoriyasında yaşayan balıqların ekotoksikoloji vəziyyətinin öyrənilməsinə böyük töhfə verəcəyi gözlənilir.