XƏBƏRLƏR
1825 Arxiv

2026.10.09

Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşı Azərbaycan Elm Fondunun qrant müsabiqəsinin qalibləri sırasındadır

Canlı Sistemlərin Tədqiqi İnstitutunun Müasir Mikroskopiya və Görüntüləmə laboratoriyasının elmi işçisi Rəfiqə Qazi Azərbaycan Elm Fondunun keçirdiyi “Əsas qrant müsabiqəsi – 2026” nın qalibi olub.

Tədqiqatçının müsabiqəyə təqdim etdiyi “Bal arısının (Apis mellifera L.) mikrosporidial xəstəliyinə qarşı antioksidant bioaktivliyə malik bitki ekstraktlarının in vivo və in vitro şəraitində tədqiqi və balın keyfiyyət göstəricilərinə təsiri” adlı tədqiqat layihəsi qalib layihələr sırasında yer alıb. R.Qazi bildirib ki, tədqiqatın əsas məqsədi bal arılarına ciddi zərər vuran mikrosporidial xəstəlik – nozemaya qarşı səmərəli mübarizə metodunun işlənib hazırlanmasıdır. Bundan əlavə, layihə çərçivəsində xəstəliyin həm profilaktikası, həm də xəstəlik zamanı mübarizə tədbirlərində bitki ekstraktlarından istifadə imkanları araşdırılacaq. Hazırlanacaq bitki ekstraktlarının müxtəlif dozaları sınaqdan keçiriləcək və nozemaya qarşı daha effektiv təsir göstərən dozalar müəyyənləşdiriləcək. 

Layihənin nəticələrinin praktik tətbiqi də nəzərdə tutulur. Əldə olunacaq nəticələrin arıçılara, arıxanalara, eləcə də beynəlxalq elmi konfranslarda və xüsusi görüşlərdə təqdim edilməsi planlaşdırılır.