2026.09.24
Canlı Sistemlərin Tədqiqi İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib
24 sentyabr 2026-cı il tarixində, Canlı Sistemlərin Tədqiqi İnstitutu 27 sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözləri ilə açan institutun direktoru v.m.i.e., direktor müavini, dosent İradə Xəlilova 27 sentyabr tarixinin Azərbaycanın müasir tarixində xüsusi və əlamətdar yer tutduğunu vurğulayıb. Bildirib ki, hər il bu tarixin Anım Günü kimi qeyd olunması Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə göstərilən sonsuz ehtiramın ifadəsidir. İ. Xəlilova haqq yolunda mübarizədə xalqı öz arxasınca aparmağı bacaran Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasətindən, canları, qanları bahasına xalqımıza qələbə sevincini yaşadan unudulmaz qəhrəmanlarımızın şücaətindən bəhs edib.
Sonra YAP ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Hafiz Muxtarov “27 sentyabr tarixi torpaqlarımızın son 200 illik işğalını sona qoyan Zəfərin başlanğıcı oldu” mövzusunda çıxış edib. O, Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, dövlətimizin necə yumruq kimi birləşərək ərazi bütövlüyünü təmin etməsindən danışıb.
Daha sonra, Eksperimental Zoologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səliqə Qazi “Zəfər Səlnaməsinin igid övladları: kiçik bədənlərdə böyük ürəklər” mövzusunda çıxış edərək 44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran şəhid və qazilərimizin igidlik, cəsarət və rəşadətindən söhbət açıb.
Tədbirdə həmçinin Neyrobiologiya və Sensor Sistemləri laboratoriyasının kiçik elmi işçisi Sovet Hümbətov “Şanlı Zəfərin ilk addımları” mövzusunda çıxış edərək şəhidlərin əziz xatirəsini təkcə bu gün deyil, hər zaman ehtiramla yad ediləcəyini söyləyib.
Bundan başqa, institutumuzun qazisi Vüsal Yusifov vətən müharibəsi haqqında öz xatirələrini bölüşüb. Tədbir Anım Gününə həsr edilən video çarxın nümayişi ilə başa çatıb.
Tədbirdən sonra institut kollektivi II Fəxri Xiyabanı ziyarət edib. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları önünə gül dəstələri düzülüb.




