XƏBƏRLƏR
3921 Arxiv

2016.11.01

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində II Azərbaycan Elm Festivalı çərçivəsində tədbir həyata keçirildi

Oktyabrın 31-də AMEA-nın təşəbbüsü ilə keçirilən II Azərbaycan Elm Festivalı noyabrın 1-də öz işini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirib. ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov cəmiyyətin inkişafının elmin inkişafı ilə bilavasitə bağlı olduğunu, təhsilin, elmin nailiyyətlərinin mənimsənilməsi , daim izlənilməsi və onun tədris prosesinə tətbiqinin vacibliyini qeyd edib. 2016-cı ildə Universitetin əldə etdiyi elmi nailiyyətlərə toxunan prorektor Q.Məmmədov cari ilin 10 ayı ərzində ali məktəbin professor-müəllim heyətinin 41 məqaləsinin dünyanın ən məşhur və reytinqli mənbəsi olan “WEB of Science”-da yerləşdirildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Fransız-Azərbaycan Universiteti (UFAZ) və “eazi START” startap məktəbi haqqında məlumat verən dosent Q.Məmmədov hər iki layihənin gələcəyə hesablanmış layihə olduğunu vurğulayıb. II Azərbaycan Elm Festivalının məruzəçiləri – kimya elmləri doktoru Rasim Alosmanovun “Yeni funksiyalı materiallar və ekologiya", professor Asif Məmmədovun “Müasir kimyanın problemləri”, Rüstəm Rəcəbovun "Azərbaycan Respublikasında su idarəçiliyi- nəzəriyyə və təcrübə" mövzusunda olan çıxışları maraqla qarşılanıb. Həmçinin, digər məruzəçilər çıxışlarında müraciət etdikləri mövzuların elmi istiqamətdə vacibliyini və əhəmiyyətini festival iştirakçılarının nəzərinə çatdırdılar. Rəsmi hissə başa çatdıqdan sonra tədbir ADNSU-nun ”Gənclik” mahnı və rəqs ansamblı üzvlərinin müxtəlif rəqs nümunələri ilə davam edib.

Qeyd edək ki, həmin universitetin doktorantı Şahzadə Mədətova bu festivalın təşkilat işləri ilə əlaqədar nümayəndə olaraq tədbirin yüksək səviyyədə keçirilməsində yaxından iştirak etmişdir.

UNESCO, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə həyata keçirilən və paytaxt Bakı şəhərindən başlayan bu festival Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərləri daxil olmaqla noyabrın 5-dək davam edəcək.