2026.08.27
Qarabağ və işğaldan azad olunmuş ərazilərin su hövzələrində elmi-tədqiqat işləri davam edir
Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun “Su biosistemlərinin tədqiqi” laboratoriyasının əməkdaşları tərəfindən Qarabağ və işğaldan azad olunmuş ərazilərin bəzi su hövzələrində növbəti elmi-tədqiqat ekspedisiyası həyata keçirilib.
17–24 avqust 2026-cı il tarixlərində keçirilən ekspedisiyada laboratoriyanın müdiri biologiya elmləri doktoru, dosent Asif Manafov, kiçik elmi işçilər Aynur Hacıağayeva və Nərmin Nəsirova iştirak ediblər.
Elmi-tədqiqat işləri çərçivəsində Sərsəng və Suqovuşan su anbarlarında, Xaçınçay, Xaçınçay su anbarı və Tərtərçay ərazilərində müxtəlif stasionar məntəqələrdən, həmçinin bəzi balıqçılıq təsərrüfatlarından bioloji nümunələr toplanılıb.
Ekspedisiyanın əsas məqsədi su hövzələrinin biomüxtəlifliyinin öyrənilməsi, xüsusilə mollyusk–trematod sistemlərinin, eləcə də zəlilərin növ tərkibinin və ekoloji xüsusiyyətlərinin araşdırılması olub.
Toplanmış materialların bir hissəsi çöl şəraitində ilkin olaraq tədqiq edilib, digər nümunələr isə müvafiq qaydada etiketlənərək kameral tədqiqatların aparılması məqsədilə institutun aidiyyəti laboratoriyasına gətirilib.




