XƏBƏRLƏR
126 Arxiv

2026.09.02

İnstitutumuzun alimləri Quba və Xaçmaz rayonlarında ekspedisiyada iştirak ediblər

ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları – “Müasir Mikroskopiya və Görüntüləmə” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Elyanə Tahirova və “Molekulyar Analiz” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Türkan Qurbanova 25-31 avqust 2026-cı il tarixlərində Quba və Xaçmaz rayonlarında ekspedisiyada iştirak ediblər.

Ekspedisiyanın əsas məqsədi tədqiq olunan ərazilərin biomüxtəlifliyinin genetik strukturunun və səviyyəsinin müəyyənləşdirilməsi, məlumat bazasının yaradılması üçün müxtəlif taksonomik qruplara aid bəzi onurğasız və onurğalı heyvan növlərinin yayılma areallarının öyrənilməsi və onların dəqiq identifikasiyasının aparılması olub.

Tədqiqatlar Quba və Xaçmaz rayonlarının müxtəlif kəndlərini əhatə edib. Ekspedisiya çərçivəsində həm quru ekosistemlərində, həm də müxtəlif su hövzələrində - göllər, çaylar, axmazlar, kanallar və digər su obyektlərində bioloji materialların toplanması həyata keçirilib.

Toplanmış materiallar müvafiq metodiki tələblərə uyğun şəkildə fiksə edilərək sonrakı molekulyar və mikroskopik analizlərin aparılması məqsədilə institutun aidiyyəti laboratoriyalarına çatdırılıb.