XƏBƏRLƏR
213 Arxiv

2026.08.21

Bioherontologiya və İnkişaf laboratoriyasının əməkdaşları İsmayıllı rayonunda ekspedisiyada olub

27-31 iyul 2026-cı il tarixlərində AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun “Bioherontologiya və inkişaf” laboratoriyasının əməkdaşları - b.ü.f.d. Kərəmova Natavan, elmi işçi Abdullayeva Gülsüm və kiçik elmi işçi Qaflanova Aynur  İsmayıllı rayonunda  ekspedisiyada  olublar.

Ekspedisiyanın əsas məqsədi populyativ uzunömürlülük  və qocalma proseslərinin tədqiqi, uzunömürlülyə təsir edən faktorların araşdırılması və uzunömürlülük indeksinin təyini olub. Nəzərdə tutulan elmi tədqiqatları həyata keçirmək üçün İsmayıllı rayonunda yaşayan uzunömürlülərin sayı, yaşadıqları ünvanlar təyin edildikdən sonra uzunömürlü populyasiyalar seçilib  və müayinə xarakterli tədqiqatlar aparılıb.

Tədqiqatlar zamanı ilk öncə fizioloji yaş verifikasiya edilib, sonra həmin şəxslərə psixoloji və koqnitiv testlər tətbiq edilərək əsas vegetativ göstəricilər ölçülüb və EKQ yazılıb. 

Belə ki, ekspedisiya müddətində İvanovka, Diyallı, Sədyan, Molla İsaqlı,Vəng, Təzəkənd, Tircan, Mican, Culiyan, Talıstan və s. kəndlərdə, eləcə də  İsmayıllı şəhərində yaşayan hər iki cinsdən 42 nəfər uzunömürlü (fizioloji yaşı 90 və daha çox olan) könüllülük prinsipi əsasında tədqiqatlarda iştirak ediblər.

Tədqiqatlar zamanı ən yaşlı uzunömürlünün 105 yaşlı olduğu məlum olub və uzunömürlülər içərisində qadınların sayı üstünlük təşkil edib. Hazırda elmi tədqiqatların nəticələrinin statistik təhlili davam edir.