XƏBƏRLƏR
1492 Arxiv

2026.08.21

AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ və Polşa Respublikası Yuxarı Sileziya Muzeyi, Bitom arasında memorandum imzalanıb

4 avqust 2026-cı il tarixində, AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ və Polşa Respublikası Yuxarı Sileziya Muzeyi, Bitom arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumunu Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-nin direktoru v.i.e., direktor müavini, b.ü.f.d., dosent İradə Xəlilova  və  Yuxarı Sileziya Muzeyinin direktoru İvona Mohl imzalayıb.

Memorandum akademik heyətin tədqiqat  fəaliyyətlərinə cəlb olunması, qurumlar arasında mübadilənin təşviq edilməsi, tədqiqat üçün tərəfdaş qurumdan doktorantların qəbulu, elmi tədqiqat məsələlərinə dair simpozium, konfrans, kursların təşkili, birgə nəşrlərin mübadiləsi kimi əməkdaşlıq sahələri məsələlərini əhatə edir. Mövcud elmi əməkdaşlıq çərçivəsində 06.08.-19.08.2026-cı il tarixlərində, Yuxarı Sileziya Muzeyi Təbiət Tarixi şöbəsinin rəhbəri Dr. Roland Doboş, muzeyin əməkdaşları - Dr. Voyjek Şepanski və Lukas Matuşevski Azərbaycanda elmi ezamiyyədə olub. Onlar Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-nin Onurğasızların Biomüxtəlifliyi və Ekologiyası laboratoriyasının əməkdaşları - laboratoriya müdiri, b.ü.f.d. Gülər Hüseynzadə və b.e.d. Natalya Sneqovaya ilə birgə beynəlxalq ekspedisiyada iştirak ediblər.

Qeyd edək ki,  Azərbaycanın müxtəlif regionlarında aparılan tədqiqatların əsas məqsədi yerli alimlərlə birgə əməkdaşlıq çərçivəsində ölkənin entomofaunasını, xüsusilə də Neyropterida (Megaloptera, Raphidioptera, Neuroptera), Diptera (Asilidae daxil olmaqla) və Lepidoptera (Noctuidae, Geometridae) və s. dəstələri üzrə fauna növlərinin tədqiqi, yeni növlərin təsvir edilməsi və filogenetik analizlərin həyata keçirilməsidir.

Görüş zamanı qonaq alimlər Qafqazın, xüsusilə də Azərbaycan entomofaunasının olduqca zəngin olduğunu vurğulayaraq, gələcəkdə bu ərazilərdə elm üçün yeni fauna növlərinin aşkarlanması ehtimalının yüksək olduğunu bildiriblər.

Əldə edilən nəticələr Azərbaycanın biomüxtəlifliyinin zənginləşdirilməsinə, birgə elmi məqalələrin yazılmasına xidmət edəcəkdir.