2026.08.20
AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Xarəzm Məmun Akademiyası arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb
31 iyul 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun direktor vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Xəlilova və Özbəkistan Respublikası Elmlər Akademiyasının Xarəzm Məmun Akademiyasının direktoru, professor Abdullayev İkram İskəndəroviç tərəfindən Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
Sənəd iki elmi müəssisə arasında qarşılıqlı maraq doğuran sahələrdə elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların həyata keçirilməsi və elmi-tədqiqat fəaliyyətinə marağın artırılması məqsədi daşıyır.
Memorandum çərçivəsində tərəflər akademik heyət, tədqiqatçılar və doktorantlar arasında mübadilənin təşviq edilməsi, birgə elmi tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, simpozium, konfrans, kurs və görüşlərin təşkili, eləcə də elmi nəşrlərin hazırlanması istiqamətlərində əməkdaşlıq etməyi nəzərdə tutur.
İmzalanmış Memorandum Azərbaycan və Özbəkistanın elmi müəssisələri arasında elmi əlaqələrin daha da inkişaf etdirilməsi, təcrübə və bilik mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.




