2026.08.12
Xızıda Levantin gürzəsinin yayılma arealının yüksəklik sərhədləri araşdırılıb
ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Onurğalıların Biomüxtəlifliyi və Ekologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov 4–7 avqust 2026-cı il tarixlərində Xızı rayonunda ezamiyyətdə olub.
Ezamiyyət çərçivəsində dağüstü bozqır landşaftlarında, dəniz səviyyəsindən 700–1100 metr yüksəklikdə yerləşən ərazilərdə herpetofauna üzrə monitorinq aparılıb. Tədqiqatların əsas məqsədi Levantin gürzəsinin Azərbaycandakı yayılma arealının hipsometrik yuxarı sərhədlərinin müəyyənləşdirilməsi, eləcə də iyul–avqust aylarında arid dağüstü bozqır ekosistemlərində sürünənlərin gündüz fəallığının öyrənilməsi olub.
Monitorinq zamanı Dizəvər kəndinin yuxarı hissəsində, dəniz səviyyəsindən 980 metr yüksəklikdə yerləşən bozqır təpəlik ərazidə bədən uzunluğu təxminən 1400 mm olan Levantin gürzəsi qeydə alınıb. Aparılan müşahidə bu növün Azərbaycan ərazisində, xüsusilə Böyük Qafqazın dağətəyi və dağlıq zonalarında yayılmasının yüksəklik sərhədlərinin öyrənilməsi baxımından əhəmiyyətli nəticə hesab olunur. Qeyd olunan ərazi Levantin gürzəsinin Azərbaycan üzrə yayılma arealının Böyük Qafqazdakı ən yüksək yüksəkliklərindən biri kimi qiymətləndirilə bilər.
Əldə olunan nəticələr Levantin gürzəsinin yayılma arealının yüksəklik üzrə xüsusiyyətlərinin, eləcə də Böyük Qafqazın arid dağüstü ekosistemlərində sürünənlərin ekoloji fəallığının qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.




