XƏBƏRLƏR
130 Arxiv

2026.08.03

Əməkdaşlarımız Ağsu və Kürdəmir rayonlarında ekspedisiya keçiriblər

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Onurğalıların Biomüxtəlifliyi və Ekologiyası laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov, əməkdaşlar – aparıcı elmi işçi biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Qasımova, elmi işçi Aqil Haxıyev və kiçik elmi işçi Gülnar Quliyeva, Molekulyar Analiz laboratoriyasının elmi işçisi Leyla Nadirli 22–29 iyul 2026-cı il tarixlərində Ağsu və Kürdəmir rayonlarında elmi ekspedisiyada olublar.

Ekspedisiyanın əsas məqsədi arid landşaft şəraitində yaşayan Amphibia, Reptilia və Mammalia siniflərinə aid növlərin eko-morfoloji və bioekoloji adaptasiya xüsusiyyətlərinin öyrənilməsi üçün çöl-tədqiqat materiallarının toplanması olub.

Tədqiqatlar çərçivəsində həm təbii arid ərazilərdə (qış otlaqları), həm də antropogen landşaftlarda – əkin sahələrində, meliorativ kanal və arxlar boyunca yerləşən təpəliklərdə, göllərin ətrafında, bağ və bostan sahələrində müşahidələr aparılıb. Müşahidələr nəticəsində tədqiq olunan növlərin yayılması, mövsümi və sutkalıq fəallıq xüsusiyyətləri, morfoloji əlamətləri və yaşayış mühitinə uyğunlaşma mexanizmlərinə dair zəngin elmi materiallar toplanıb.