2026.07.28
Ceyranbatan su anbarında fauna müxtəlifliyinin tədqiqi ilə bağlı layihəyə başlanılır
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi əsasında həyata keçiriləcək “Ceyranbatan su anbarında fauna müxtəlifliyinin tədqiqi” layihəsinin icrasına başlanılması ilə əlaqədar Canlı Sistemlərin Tədqiqi İnstitutunda layihənin təşkilati məsələlərinə həsr olunmuş işgüzar görüş keçirilib.
Görüşdə Canlı Sistemlərin Tədqiqi İnstitutunun direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Xəlilova, biologiya elmləri doktorları Asif Manafov və Saleh Əliyev, biologiya üzrə fəlsəfə doktorları Sara Əliyeva və Könül Tapdıqova, həmçinin doktorant Bilal Mehdizadə iştirak ediblər.
İclas zamanı layihənin əsas məqsədləri, elmi-tədqiqat istiqamətləri, iş planı, icra mərhələləri və gözlənilən nəticələr ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda layihə çərçivəsində mütəxəssislər arasında əməkdaşlığın təşkili, vəzifə bölgüsü, monitorinq və tədqiqat işlərinin koordinasiyası, eləcə də qarşıdakı dövrdə həyata keçiriləcək fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və tövsiyələri dinlənilib.
Layihənin həyata keçirilməsi nəticəsində Ceyranbatan su anbarının fauna müxtəlifliyinin öyrənilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi və su hövzəsinin bioloji resurslarının qorunmasına dair elmi əsaslandırılmış məlumatların əldə edilməsi nəzərdə tutulur.




