2026.07.28
İnstitut əməkdaşları Yenikənd su anbarında və Xanabad körfəzində elmi ekspedisiyada olublar
ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları 20–26 iyul 2026-cı il tarixlərində Şəmkir, Samux və Yevlax rayonlarının inzibati ərazisində yerləşən Yenikənd su anbarında və Mingəçevir su anbarının Xanabad körfəzində elmi ekspedisiyada olub, hidrobioloji materiallar toplayıblar.
Tədqiqatlarda institutun Su Biosistemlərinin Tədqiqi laboratoriyasının böyük elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Könül Tapdıqova və elmi işçi Kazım Məmmədov iştirak ediblər.
Qeyd edək ki, materialların toplanılması hidrobioloji tədqiqatlarda qəbul edilmiş ümumi metodologiyaya uyğun aparılıb. Su anbarı şərti olaraq üç hissəyə (yuxarı, orta və aşağı) bölünüb və müvafiq olaraq əvvəlcədən müəyyən edilmiş bioloji stansiyalardan zooplankton nümunələri götürülüb. Su anbarının dərin və mərkəzi sahələrində müşahidələr avarlı qayıqlardan (taxta və rezin) istifadə olunmaqla aparılıb.
Bundan əlavə, zooplanktonun biosenozda rolunu müəyyən etmək məqsədilə Mingəçevir su anbarının Xanabad körfəzindən balıq nümunələri də əldə edilib.




