2026.07.23
Alimlərimiz Dəvəçi limanında tədqiqat işi aparıblar
ETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-in alimləri tərəfindən 13-19 iyul 2026-cı il tarixlərində Şabran rayonunda yerləşən Dəvəçi limanında (Ağzıbir gölü) ekspedisiya həyata keçirilib.
Tədqiqatlarda İnstitutun Onurğalıların biomüxtəlifliyi və ekologiyası laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Tahir Kərimov, aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Hafiz Muxtarov, böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Rəcəbova və kiçik elmi işçisi Leyla Əhmədli iştirak ediblər.
Ekspedisiya çərçivəsində marşrut və stasionar müşahidə metodlarından istifadə olunub. Alimlər müşahidələri adi gözlə yanaşı, teleskop və binokl vasitəsilə də aparıblar. Tədqiqatın əsas məqsədi su, torpaq və quş nümunələrinin analizi əsasında göldə ağır metallar və fenollarla çirklənmə səviyyəsini qiymətləndirmək, əldə olunan nəticələr əsasında çirklənmənin quşların biomüxtəlifliyinə, qida rasionuna və populyasiya vəziyyətinə təsirini araşdırmaq olub. Ağır metalların və fenolların səviyyəsini müəyyənləşdirmək məqsədilə gölün dörd müxtəlif nöqtəsindən həm su, həm də torpaq nümunələri götürülüb. Nümunələr analiz üçün laboratoriyaya təhvil verilib.




