2026.07.21
Əməkdaşlarımız Şəki rayonunda elmi ekspedisiyada olublar
14 – 20 iyul 2026-ci il tarixlərində, ETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-nin Eksperimental Zoologiya Laboratoriyasının elmi işçisi Ləman Dadaşova, Müasir Mikroskopiya və Görüntüləmə Laboratoriyasının elmi işçisi Rəfiqə Qazi və Onurğasızların Biomüxtəlifliyi və Ekologiyası Laboratoriyasının kiçik elmi işçisi Aynurə Abbasova Şəki rayonunun Kiş, Baş Göynük, Baş Zəyzid, Baş Layısqı və Baş Küngüt kəndlərində ekspedisiyada olublar.
Tədqiqat çərçivəsində, Eksperimental Zoologiya Laboratoriyasının elmi işçisi Ləman Dadaşova Şəki rayonu ərazisində yerləşən su hövzələrində Şərq tibb zəlisinin (Hirudo orientalis) yayılmasının öyrənilməsi, eləcə də eksperimental tədqiqatların aparılması məqsədilə nümunələr toplayıb. O, həmçinin Şəki rayonunun Şinçay, Kişçay, Sarıca gölü, Ördək gölü və Laysqı kəndi ərazisində yerləşən gölməçələrdə monitorinqlər aparıb, Şərq tibb zəlisinə aid nümunələr toplayaraq sonrakı tədqiqatlar üçün müvafiq qaydada laboratoriyaya gətirib.
Eyni zamanda, Müasir Mikroskopiya və Görüntüləmə Laboratoriyasının elmi işçisi Rəfiqə Qazi qeyd olunan ərazilərdə yerləşən arıxanalara monitorinq keçirib, bal arısının yumurta, sürfə, prepup, pup və yetkin fərdlərindən nümunələri laboratoriyada tədqiqat aparmaq məqsədilə götürüb, həmçinin arıçılara bal arısına düzgün qulluq qaydaları, arının zərərverici və həşəratlarına qarşı səmərəli mübarizə yollarını izah edib.
Bundan əlavə, Onurğasızların Biomüxtəlifliyi və Ekologiyası Laboratoriyasının kiçik elmi işçisi Aynurə Abbasova Şəkinin Baş Layısqı, Kiş, Baş Göynük kəndi və bir sıra meşəlik ərazilərindən torpaq münbitliyinin qorunmasına,üzvi qalıqların parçalanmasına və bəzi zərərvericilərin təbii düşməni hesab edilən Clilopoda Diplopoda və İsopoda dəstələrinin nümayəndələrinin toplanması və növ tərkibinin müəyyən edilməsi məqsədilə həmin ərazilərə monitorinq keçirib və aşkar edilən növləri nümunə olaraq laboratoriyaya təqdim edib.




