XƏBƏRLƏR
1037 Arxiv

2026.07.14

Əməkdaşlarımız Ağsu Regional Təcrübə Məntəqəsinə işgüzar səfər ediblər

10 iyul tarixində institut rəhbərliyinin tapşırığı ilə bir qrup alim və mütəxəssislər Ağsu Regional Təcrübə Məntəqəsinə işgüzar səfər ediblər. Səfərin məqsədi bazanın mövcud vəziyyətinin yerində qiymətləndirilməsi, aparılan işlərlə tanışlıq, mövcud potensialın dəyərləndirilməsi və gələcək elmi fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Səfər çərçivəsində məntəqədə becərilən kənd təsərrüfatı bitkilərinin əkin sahələrinə baxış keçirilib, aparılan aqrotexniki tədbirlər, torpaq və su ehtiyatlarından istifadə vəziyyəti, mövcud infrastruktur, maddi-texniki təminat, eləcə də elmi-tədqiqat işlərinin gedişi müzakirə olunub. Məntəqənin müdiri Yunis Oruclu tərəfindən həyata keçirilən fəaliyyət, mövcud ehtiyaclar barədə ətraflı məlumat təqdim edilib. Müzakirələr zamanı Ağsu Regional Təcrübə Məntəqəsinin elmi fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Bildirilib ki, bazanın elmi fəaliyyətinin yeni istiqamətlər üzrə zənginləşdirilməsi məqsədilə eksperimental zoologiya sahəsində tədqiqatların təşkili və kənd təsərrüfatında bioloji mübarizə istiqamətinin formalaşdırılması imkanları da nəzərdən keçirilib. Qeyd olunub ki, gələcəkdə kənd təsərrüfatı bitkilərinin əsas zərərvericilərinin və onların təbii düşmənlərinin öyrənilməsi, faydalı entomofaunanın qorunması və çoxaldılması, bioloji mübarizə agentlərinin sınaqdan keçirilməsi, eləcə də ekoloji cəhətdən təhlükəsiz bitki mühafizəsi texnologiyalarının hazırlanması üzrə elmi-tədqiqat işlərinin həyata keçirilməsi planlaşdırılır. Vurğulanıb ki, bu istiqamətdə aparılacaq tədqiqatlar bitki mühafizəsində ekoloji cəhətdən təhlükəsiz yanaşmaların tətbiqinə, kimyəvi pestisidlərdən istifadənin optimallaşdırılmasına və elmi nəticələrin istehsalata tətbiqinə mühüm töhfə verəcək. Səfərin sonunda mütəxəssislərin rəy və təklifləri dinlənilib, Ağsu Regional Təcrübə Məntəqəsinin maddi-texniki bazanın mərhələli şəkildə gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və gələcək inkişaf istiqamətləri üzrə fəaliyyət planının hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verilib.