2026.07.07
Olimpiada təmsilçilərimiz Canlı Sistemlərin Tədqiqi İnstitutunda qonaq olublar
12–19 iyul 2026-cı il tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində məktəblilər üçün nəzərdə tutulmuş ən nüfuzlu beynəlxalq elm yarışlarından biri – 37-ci Beynəlxalq Biologiya Olimpiadası (IBO 2026) keçiriləcək. Olimpiadada dünyanın müxtəlif ölkələrindən olan istedadlı şagirdlər biologiya fənni üzrə nəzəri biliklərini və laboratoriya bacarıqlarını nümayiş etdirəcəklər.
Bu mötəbər yarışda ölkəmizi 10–11-ci sinif şagirdləri İlham Əliyev, Rəsul Şahverdiyev, Oğuz Əlili və Yalçın Oruclu təmsil edəcəklər.
Tədbirdə iştirak edəcək komandamız yarışa hazırlıq çərçivəsində 6-7 iyul tarixlərində olimpiadanın ölkəmiz üzrə münsiflər heyətinin sədri və komanda rəhbəri Elxan Tahirovun, həmçinin heyət sədrinin müavini Mətin Muradlının rəhbərliyi ilə ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunda qonaq olublar.
İnstitutun direktor vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Xəlilova, elmi katib biologiya üzrə fəlsəfə doktoru, dosent Sara Əliyeva, laboratoriya müdirləri - biologiya üzrə fəlsəfə doktoru, dosent Gülər Hüseynzadə və biologiya üzrə fəlsəfə doktoru, dosent Elyanə Tahirovanın iştirakı ilə keçirilən görüş zamanı şagirdlər Azərbaycan və dünya faunasına aid müxtəlif heyvan növləri haqqında ətraflı məlumat əldə edib, həmçinin institutun laboratoriyaları ilə yaxından tanış olublar.
Görüşün əsas məqsədi iştirakçıların nəzəri biliklərinin möhkəmləndirilməsi, praktik bacarıqlarının inkişaf etdirilməsi və onların beynəlxalq yarışa hazırlıq prosesinə əlavə dəstək göstərilməsi olub.
Təmsilçilərimizə 37-ci Beynəlxalq Biologiya Olimpiadasında uğurlar arzulayır, onların yüksək nəticələrlə Vətənə qayıdacaqlarına inanırıq.




