2026.07.07
Sağlam gələcək naminə narkomaniyaya “Yox” deyək!
Narkomaniya müasir dövrün ən ciddi sosial problemlərindən biridir. Bu təhlükəli vərdiş təkcə insanın sağlamlığına deyil, həm də ailəsinə, cəmiyyətə və ölkənin gələcəyinə mənfi təsir göstərir. Xüsusilə gənclər arasında narkotik vasitələrin yayılması və istifadəsi sağlam nəslin formalaşmasına ciddi maneə yaradır. Buna görə də narkomaniyaya qarşı mübarizə hər birimizin vətəndaşlıq borcudur.
Narkotik vasitələrdən istifadə insan orqanizmində ağır fiziki və psixoloji asılılıq yaradır. Onların uzunmüddətli istifadəsi beyin fəaliyyətinin pozulmasına, ürək-damar və sinir sistemi xəstəliklərinə, immunitetin zəifləməsinə, həmçinin müxtəlif yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Narkotikdən asılı olan insanlar çox vaxt təhsilini, işini, ailəsini və cəmiyyətdəki mövqeyini itirir, həyat keyfiyyəti kəskin şəkildə aşağı düşür. Narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir.
Unutmayaq ki, sağlam gələcək sağlam seçimlərdən başlayır. Hər bir gəncin həyatını, arzularını və gələcəyini qorumaq üçün narkomaniyaya qətiyyətlə “Yox” deməli, sağlam həyat tərzini seçməliyik. Gəlin birlikdə sağlam, güclü və firavan cəmiyyət naminə narkomaniyaya “Yox” deyək!
Qeyd edək ki, "Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2026-cı il üçün İş Planı" nın icrası ilə bağlı ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutu əməkdaşlarının iştirakı ilə narkomaniyaya qarşı mübarizəyə həsr edilmiş maarifləndirici videoçarx hazırlanıb.
Videoçarxda narkomaniyanın cəmiyyət və insan sağlamlığı üçün yaratdığı təhlükələr, zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici məlumatlar təqdim olunur.
Video materialı aşağıdakı keçid vasitəsilə izləyə bilərsiniz.
Link: https://www.youtube.com/watch?v=uz1fjkuJOWU




