XƏBƏRLƏR
498 Arxiv

2026.07.06

Dəyərli alim Zöhrə Musayevanı 70 illik yubileyi münasibəti ilə təbrik edirik!

5 iyul tarixində dəyərli entomoloq-alim, biologiya üzrə fəlsəfə doktoru, dosent Zöhrə Yusif qızı Musayevanın 70 illik yubileyi tamam olur.

Zöhrə Musayeva 1956-cu ildə Qazax rayonunun Poylu kəndində anadan olub. 1976–1982-ci illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə 1981-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda başlayıb, elmi-tədqiqat sahəsində uzunmüddətli və məhsuldar fəaliyyət göstərib.

1996-cı ildə “Şimali-şərqi Azərbaycanda gavalı cinsindən (Rosaceae, Prunus) olan bitkilərə zərərverən buğumayaqlılar” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. 1997-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2006-cı ildə isə dosent elmi adına layiq görülüb.

Zöhrə Musayevanın apardığı fundamental və tətbiqi tədqiqatlar 80-dən çox elmi məqalədə öz əksini tapıb.

Peşəkarlığı, zəhmətkeşliyi, yüksək məsuliyyət hissi və səmimiyyəti ilə həmkarlarının böyük hörmətini qazanan Zöhrə xanım uzun illərdir ki, elmin inkişafına və zəngin elmi ənənələrin davam etdirilməsinə böyük əzmkarlıqla xidmət edir.

Kollektivimiz adından dəyərli Zöhrə xanımı 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür arzulayırıq. Ad gününüz mübarək!