XƏBƏRLƏR
888 Arxiv

2026.06.25

Zenfira Qədimova Litvada keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil edib

8–15 iyun tarixlərində Litva Respublikasında sağlam qocalma və uzunömürlülük problemlərinə həsr olunmuş beynəlxalq elmi konfrans – Healthy Ageing and Longevity Assembly 2026 (Sağlam Qocalma və Uzunömürlülük Assambleyası 2026) keçirilib.  Tədbirdə ölkəmizi biologiya üzrə fəlsəfə doktoru, dosent Zenfira Qədimova təmsil edib.

Konfrans qlobal miqyasda əhalinin qocalması, sağlam həyat tərzinin təşviqi, uzunömürlülüyün bioloji əsasları və aktiv yaşlanma strategiyalarının müzakirəsinə həsr olunub. Tədbirdə uzunömürlülüyün genetik, fizioloji, ekoloji və sosial determinantları, sağlam yaşlanmanın molekulyar mexanizmləri, patoloji qocalmanın qarşısının alınmasına yönəlmiş innovativ yanaşmalar, eləcə də müxtəlif ölkələrdə uzunömürlülük göstəricilərinin müqayisəli təhlili geniş şəkildə müzakirə olunub.

Zenfira Qədimova beynəlxalq elmi forum çərçivəsində üç müxtəlif elmi platformada Azərbaycanın uzunömürlülük fenomeninə həsr olunmuş şifahi məruzələrlə çıxış edib.

Belə ki, iyunun 9-da Kaunas şəhərində Litva Sağlamlıq Elmləri Universitetində keçirilən elmi sessiyada “The Phenomenon of Longevity in Azerbaijan: Physiological Status and Contemporary Situation” mövzusunda məruzə təqdim edib. Məruzədə Azərbaycanda uzunömürlü insanların fizioloji vəziyyəti, sağlamlıq göstəriciləri, yaşlanma prosesinin xüsusiyyətləri və müasir demoqrafik vəziyyət elmi faktlar əsasında təhlil olunub.

İyunun 11-də Vilnüs şəhərində Litva Elmlər Akademiyasında keçirilən tədbirdə isə “Longevity in Azerbaijan: Physiological Characteristics of Long-livers and Current Trends” adlı məruzə ilə çıxış edib. Təqdimatda Azərbaycan uzunömürlülərinin fizioloji xüsusiyyətləri, həyat tərzi amilləri, yaşlanma prosesinin bioloji aspektləri və son illərin tendensiyaları barədə aparılmış tədqiqatların nəticələri beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırılıb.

İyunun 12-də Litva Respublikasının Seymində təşkil olunmuş xüsusi sessiyada “Determinants of Longevity in Azerbaijan: A Physiological and Population-Based Overview” mövzusunda məruzə təqdim edən alim Azərbaycanda uzunömürlülüyün formalaşmasına təsir göstərən tibbi-fizioloji, demoqrafik, sosial və ətraf mühit amillərini kompleks şəkildə təhlil edib. Məruzədə ölkəmizdə aparılan gerontoloji tədqiqatların əsas nəticələri iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin sonunda Zenfira Qədimovaya konfransda fəal iştirakına görə Sertifikat və Təşəkkürnamə təqdim edilib. Eyni zamanda o, Qafqaz regionu üzrə “Healthy Ageing Ambassador” (“Sağlam Yaşlanma üzrə Səfir”) fəxri döş nişanı ilə təltif olunub.