XƏBƏRLƏR
238 Arxiv

2026.06.17

Eksperimental Zoologiya laboratoriyasının əməkdaşları Ağsu rayonunda ekspedisiyada olublar

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Eksperimental Zoologiya laboratoriyasının aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Nuriyeva, böyük elmi işçi biologiya üzrə fəlsəfə doktoru Səliqə Qazi,  elmi işçilər - Zinyət Şahverdiyeva və Güntəkin Rzayeva 08-12 iyun 2026-cı il tarixində Ağsu rayonunda ekspedisiyada olublar.

Ekspedisiyanın məqsədi Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu  rayonu,  Ağsu Elmi –Təcrübə Bazası) ərazisində  rast gəlinən invaziv (və digər kütləvi yayılan) həşərat  növlərinin toplanması və fenoloji müşahidələrin aparılması olub. Ekspedisiya müddətində  Ağsu rayonunda: Ağsu şəhərində, Ağsu Elmi –Təcrübə Bazasında, Muradlı və Musabəyli kəndlərindəki ağac və kollara baxış keçirilib, entomoloji müşahidələr aparılıb və material toplanılıb. Eləcə də, Ağsu rayonu ərazisində həyətyanı sahələrdə, parklarda, yol kənarlarında, müxtəlif inzibati binaların ərazilərində ağac və kollarında Qəhvəyi mərmər bağacığına (Halyomorpha halys) rast gəlinib.

Bundan əlavə, Ağsu rayonu ərazisində Halyomorpha halys-in yetkin fərdləri, Hyphantria cunea-nın tor yuvaları ( kiçik yaşlı tırtılları), Glyphodes pyloalis və digər zərərverici həşəratlar və onların entomofaqları  da aşkar edilib və toplanıb.