XƏBƏRLƏR
147 Arxiv

2026.06.17

İnstitut əməkdaşının məqaləsi yüksək reytinqli beynəlxalq jurnalda dərc edilib

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Simuzər Mamedovanın həmmüəllifi olduğu elmi məqalə dünyanın nüfuzlu Scopus və Web of Science bazalarında indekslənən, yüksək reytinqli Q1 qvartilinə malik "Veterinary Research" jurnalında dərc edilib. “Cryptosporidium infections in animals across Asia (2015-2025): a systematic review and meta-analysis of prevalence, host range, geographic distribution, and molecular epidemiology” adlı bu fundamental araşdırma son 10 ildə (2015–2025) Asiya qitəsində qlobal miqyasda təhlükəli ibtidai parazit olan Cryptosporidium cinsinin yayılma dinamikasını, sahib dairəsini və molekulyar epidemiologiyasını işıqlandırır.
Məqalədə Asiyanın 29 ölkəsindən 329 elmi araşdırmanın və ümumilikdə 142,484 heyvan nümunəsinin nəticələri sintez edilmişdir.
Məqalə son onillikdə Asiya qitəsində parazitin sahib müxtəlifliyini necə genişləndirdiyini və sürətlə adaptasiya olunduğunu ortaya qoyur. Müəlliflər bu təhlükəli patogenin risklərini azaltmaq üçün regional nəzarətin gücləndirilməsini və inteqrasiya olunmuş "Vahid Sağlamlıq Strategiyası" (One Health Strategy) modelinin tətbiqini zəruri hesab edirlər.